DOKTORANTLARLA GÖRÜŞ KEÇILILIB

Image

“Azərenerji” ASC-nin "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" (AET və LAEİ) MMC-də əvvəlki illərin doktorantları ilə yeni qəbul olunmuş doktorantların görüş keçirilib.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetka İnstitutunun direktoru, akademik Arif  Həşimov bildirdi ki, ölkəmizdə həyata keçirilən elm, təhsil siyasəti olduqca düşünülmüş, xalqın milli mənafeyinə xidmət edən, ölkəmizin təhsil və elmi potensialını daim inkişaf etdirməyə yönələn kompleks bir siyasətdir. Elmin inkişafı istiqamətində yaradılmış bu münbit şəraitdən yararlanan AET və LAEİ də qazandığı nailiyyətlərlə bu sahənin tərəqqisinə öz töhfəsini verməkdədir.

Doktoranturaya qəbulla bağlı yeniliklərdən söz açan akademik Arif  Həşimov bildirdi ki, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetka İnstitutuna qəbul yalnız əyani formada davam etdiriləcək.

İnstitutda doktorantlar üçün yaradılan şəraitdən danışan direktor bildirdi ki, dünyada baş verən qlobal böhran, neftin qiymətinin kəskin şəkildə aşağı düşdüyü müasir dövr bizə neft kapitalından intellektual potensiala keçməyi diqtə edir. Günün bu vacib tələbi elmi iş yazan gənclərin də üzərinə böyük məsuliyyət qoyur. Seçdiyi ixtisas üzrə savadlı mütəxəssis olmağın yolu isə bu məsulyyəti dərindən dərk etməkdən, elm yolunda çəkilən zəhmətdən keçir.

Akademik Arif  Həşimov deyib ki, Azərbaycanda energetika üzrə ilk elm məbədgahı olan AET və LAEİ yarandığı gündən xalqımızın tarixində mühüm hadisəyə çevrilərək böyük nüfuz qazanıb. Elmi-intellektual potensialı, tədrisin yüksək keyfiyyəti ilə ölkənin hüdudlarından kənarda da tanınan bu elm məbədinin şərəfli tarixini öyrənmək doktorantlar üçün də vacib məsələdir.

Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, müasir dövrdə elektrik energetikası sahəsində elmi tədqiqatlar, yaradıcılıq axtarışlarını aparmaq üçün elmi-texniki ədəbiyyata böyük ehtiyac var. Bu baxımdan, institutun nəzdində fəaliyyət göstərən elektrik energetikası sahəsi üzrə ixtisaslaşmış kitabxanadan doktorantlar da lazımınca bəhrələnə bilərlər. Burada energetikanın bütün sahələrinə, həmçinin digər elmlərə aid çoxlu ədəbiyyat cəmləşib.

Görüşün sonunda doktorantların sualları ətraflı şəkildə cavablandırılıb, onları maraqlandıran elmi və təşkilati məsələlər izah edilib.