TEXNİKİ İMKANLAR ARTIR

Image

“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə görülmüş işlər haqqında “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlıumatda bildirildi ki, 330 kilovoltluq “Yaşma” yarımstansiyasında təmirə ehtiyac olan istismar təyinatlı avadanlıqların qoyulduğu otaqlar əsaslı təmir edilib və orada temperaturu normal saxlamaq üçün 3 ədəd kondisioner quraşdırılıb. Həmçinin qeyd olunan obyektdə işçi heyətin sanitar-gigiyenik şəraitini yaxşılaşdırmaq məqsədilə iş otaqları təmir olunub.

Sistem əhəmiyyətli 220 kilovoltluq “Sənaye qovşağı” yarımstansiyasında isə ayrı-ayrı markalardan olan və uzun illərdən bəri istismar edilən yağ açarları müasir tipli, Avropa istehsalı olan «eleqaz» tipli açarlarla dəyişdirilib. Eləcə də “Zabrat” hava xəttinin çəkilməsi ilə əlaqədar yeni 220 kV-lik xana quraşdırılıb. Kabel kanallarına yığılan qrunt sularının kənara axıdılması üçün 100 metr uzunluğunda drenaj xətti qurulub. 110 kV-lik “Xəzri” yarımstansiyasının ətrafına isə yeni daş hasar çəkilib.

Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan və regionlardakı obyektlər də diqqətdən kənarda qalmayıb. 110 kV-lik “Sitalçay” yarımstansiyasının ətrafı mişar daşı ilə hasarlanıb. Burada yeni transformator quraşdırılıb, iki ədəd yardımçı otaq tikilib, rele-mühafizə və akkumulyator otaqlarının təmiri başa çatdırılıb. Analoji tədbirlər “Ceyranbatan” yarımstansiyasında da aparılıb. “Masazır” yarımstansiyasının ərazisinə və ətrafına asfalt döşənib, giriş darvazaları dəyişdirilib. Yanğından mühafizə məqsədilə 110 kubmetr həcmində su hovuzu tikilib, 7 ədəd kondisioner quraşdırılıb. Onu da qeyd edək ki, 135 nömrəli yarımstansiyadakı akkumulyator otağı yenidən qurularaq yeni tipli akkumul­yatorlar quraşdırılıb. Bundan başqa, 31,5 MVA gücündə olan transformator 40 MVA gücündə olan daha müasir transformatorla dəyişdirilib. Yenidən tikilmiş 6 kV-lik qapalı paylayıcı quruluşa isə “Snayderfirmasının istehsalı olan 40 ədəd açar quraşdırılıb.

Sumqayıt şəhərinin sənaye hissəsini elektrik enerjisi ilə təchiz edən “Kimyaçılar” yarımstansiyasının da texniki imkanlarının artırılmasına nail olunub. Bura­dakı 60 MVA gücündə olan 2 transformatorun daha güclüləri - 80 MVA-lıqlarla əvəz olunması prosesi reallaşdırılıb. Akkumul­yatorlar da daha müasirləri ilə əvəzlənib. Həmçinin hər iki transformatorun 10 kV-lik dövrələrinə cərəyan məhdudlaşdırıcı reaktorlar quraşdırılıb.

Görülən tədbirlər “Şamaxı” yarımstansiyasını da əhatə edib. Burada 63 kVA-lıq transformator quraşdırılıb, 2 ədəd 35 kV-lik yağ açarı eleqaz açarlarla əvəzlənib.