AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB
Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb, irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən və generasiya gücləri arasında məxsusi yeri olan “Səngəçal Elektrik Stansiyası” dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həmin stansiyada 2015-ci il ərzində 1 milyard 206,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, stansiyada ötən ilin dekabr ayında isə istehsal edilmiş elektrik enerjisinin həcmi 125,7 milyon kilovatsaata yaxın olmuşdur.
Yeri gəlmişkən, istismara verildiyi vaxtdan bu günə kimi (01.01.2016-cı ilə kimi) sözügedən stansiyada dispetçer qrafikinə uyğun olaraq 8 milyard 602,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda üç aqreqatda aparılan əsaslı təmir işləri davam etdirilir. Sözügedən dövrdə stansiyada istismar edilən digər aqreqatlarda da istismar həddinə uyğun olaraq növbəti texniki baxış keçirilmişdir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılmış və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılmışdır. Eyni zamanda iki aqreqatın yağı dəyişdirilmişdir.