TEXNİKİ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
Müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş 12 aqreqatdan ibarət, ümumi gücü 105 MVt olan “Bakı” elektrik stansiyasındakı aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyətini davam etdirir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həmin stansiyada 2015-ci il ərzində 523,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, stansiyada ötən ilin dekabr ayında isə 45,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da bildirmək yerinə düşərdi ki, ötən ilin son üç ayı ərzində stansiyada təmir işləri aparılmış, təmir qrafikinə uyğun olaraq 10 saylı aqreqatın əsaslı təmiri başa çatdırılmış, 12 saylı aqreqatda isə aparılan əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda sözügedən dövrdə digər aqreqatlarda növbəti istismar həddinə uyğun texniki xidmət işləri də aparılmışdır. Bütün bunlarla yanaşı generatorlarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Yanğın təhlükəsizliyi məsələsinin, abadlıq işlərinin də daima diqqət mərkəzində saxlanıldığını deyən mənbə əlavə etdi ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.