TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər enerji obyektlərində olduğu kimi “Quba Elektrik Şəbəkəsində də (EŞ) istehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə ənənəvi olaraq transformator məntəqələrində (TM) və elektrik verilişi xətlərində (EVX) təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kilovoltluq “Bələdiyyə”, “Vəl-vələ”, “Park” və digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən 4 kilometrr xətt yenilənmiş, 15,6 km-dən artıq xəttdə əsaslı və cari təmir işləri aparılmış, 60-a yaxın dayaq dəyişdirilmişdir. Eyni zamanda görülmüş işlər çərçivəsində 5 kilometrdən artıq 0,4 kV-luq xətlər təmir olunmuş və 30-a yaxın dayaq yenisi ilə əvəzlənmişdir. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidmətində olan 50-yə yaxın TM və KTM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Bunlardan əlavə, müəssisə rəhbərliyi xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə müəyyən tədbirlər həyata keçirmişdir. Bu məqsədlə iki transformator sxemdən çıxarılmış, üç transformator isə yükə uyğun yenisi ilə əvəzlənmişdir. Eyni zamanda 10, 6 və 0,4 kV-lik xətlərin 3 km-dən artıq trassası yaşıl kütlədən təmizlənmiş, 4 km məsafədə sallaq naqillər tarımlanmış, 30-a yaxın dayaq düzləndirilmişdir.
“İstehlakçıların elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədilə sayğac uçot komplektlərinin baxış üçün maneəsiz yerə köçürülməsi işləri davam etdirilmişdir”, - deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 100-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmiş, müvafiq qaydada aktlaşdırılmış və 257,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin (bunun 117,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) 15,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində burada 445 qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 1 milyon 204,1 min kilovatsaata yaxın (bunun 910,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 72,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da qeyd etdi ki, cari ilin aprel ayında müəssisənin xidmət ərazisində 10,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 379 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 12,5 faiz çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min kilovatsaata yaxın azalaraq 5,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 18 faizdən artıq olmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 4 ayı ərzində burada 45 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,6 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 30 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 632 min kilovatsaata yaxın artaraq 25,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 9 faizdən çox olmuşdur.