ŞƏBƏKƏ XÜSUSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə ötən ilin son üç ayı ərzində sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan enerji obyektlərində həyata keçirilmiş yenidənqurma və təmir işləri ilə bağlı daxil olan məlumata görə,  330 kV-lik “Ağstafa” yarımstansiyasında 1 saylı 125 MVA-lıq avtotransformator əsaslı, 110 kV-lik 1-ci və 2-ci şin sisteminin isə gərginlik transformatorlar cari təmir edilmişdir. Eyni zamanda 500 kV-lik “Samux” yarımstansiyasında 330 kV-lik 3-cü “Şəmkir” hava xəttinin (HX) 1-ci şin sistemində şin ayrıcısı, gərginlik transformatoru, 4-cü “Mingəçevir” hava xəttinin 2-ci şin sistemində şin ayrıcısı, 1-ci “Samux” HX-də isə eleqaz açarı, cərəyan transformatoru və xətt ayrıcısı təmir olunmuşdur.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 110 kV-lik “Gəncə-2” yarımstansiyasında həyata keçirilmiş yenidənqurma işləri çərçivəsində 10 ədəd eleqaz açarı və 9 dəst cərəyan transformatoru, 11 ədəd HX-nin mühafizə panelləri quraşdırılmışdır. Eyni zamanda 110 kV-lik 2-ci şin sistemində şin ayrıcısı, 1-ci və 2-ci şin sistemində gərginlik transformatoru və boşaldıcılar, 1-ci və 2-ci “Alabaşlı” HX-nin ayrıcılarına intiqallar və yarımstansiyanın idarəetmə şitinə isə cabit cərəyan paneli quraşdirilmişdir. Bütün bunlarla yanaşı 25 MVA transformatorların giriş açarlarının kabelləri yenilənmiş və 0,4 kV-lik 1-ci və 2-ci bölmə şinləri ayrı otağa köçürülmüşdür.

Qeyd edək ki, hesabat dövründə 330 kV-lik “Gəncə”, “GAZ”, 110 kV-lik “Gəncə-1” və “Zəyəm” yarımstansiyalarında, o cümlədən elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.