ENERJİ TƏCHİZATI DAHA DA YAXŞILAŞDIRILIR
Göygöl rayonunun elektrik enerjisi ilə təminatının daha da möhkəmləndirilməsi istiqamətindəki tədbirlər cari ilin son üç ayı ərzində də uğurla davam etdirilmişdir.
“Göygöl Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik elektrik verilişi xətlərinin ümumilikdə 1,6 kilometrə yaxın hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 10,3 km uzunluğunda 6 kV-lik EVX yeraltı kabel xəttinə keçirilmişdir. Yeni quraşdırılmış Qapalı Mərkəzi Paylaşdırıcı Qurğuda (QMPQ) iki ədəd (gücü 1,26 MVA olan) transformator quraşdırılmış və yeni güc mərkəzi yaradılması məqsədilə ümumi gücü 960 KVA olan iki yeni KTM də istismara verilmişdir. Bütün bunlarla yanaşı küçələrdə 75 ədəd alçaq gərginlikli elektrik dolabları quraşdırılmış, yenidənqurma işləri çərçivəsində 800 metr SİP kabel xətti çəkimiş və 850-dən artıq smartkart tipli sayğac quraşdırılmışdır.
Qeyd edək ki, müəssisənin xidməti ərazisində olan transformator və komplekt transformator məntəqələrində aparılmış təmir işləri çərçivəsində təmir edilmiş transformatorların sayı 17-dir.
“Görülmüş işlər istehlak edilmiş elektrik enerjisinin ödənişinə də müsbət təsir göstərir”, – deyən mənbə onu da vurğuladı ki, cari ilin aprel ayında müəssisə üzrə 7,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 959 min kilovatsaat çoxdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 16 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 477 min kilovatsaat artaraq 2,1 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 9 faizdən çox olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.1 milyon kilovatsaata yaxın artaraq 30.7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçıları tərəfindən 8,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 750 min kilovatsaata yaxın azalmış, ödəniş isə 11 faizdən çox mütləq artmışdır.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisə üzrə 46 qayda pozuntusu aşkar edilərək 339,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 20,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Sonda onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilmiş reydlər zamanı 170-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 333,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 80 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 42 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Cari ilin 4 ayı ərzində aşkar edilmiş qayda pozuntularına görə 6 istehlakçının (bunun biri aprel ayında aşkar edilmiş qayda pozuntusuna görədir) sənədləri tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir”, – deyən mənbə fikrini tamamladı.