TƏMİR İŞLƏRİ APARILIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi son üç ay ərzində “İmişli” regional elektrik şəbəkəsinin (REŞ)  xidməti ərazisində də bu istiqamətdə qrafikə uyğun müvafiq tədbirlər həyata keçirilir.

Sözügedən müəssisədən “Azərenerji”ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 110 kV-lik “Ağcabədi” yarımstansiyasında 10 kV-lik  I “Şəhər”, “Rəncbərlər” və “Təzə­kənd” hava xətlərinin, “İmişli” yarımstansiyasında 10 kV-lik, IV “Şəhər”, VII “Şəhər” və “Pambıqzavod” hava xətlərinin, 35 kV-lik “Bəh­rəmtəpə” yarımstansiyasında 6 kV-lik “Su artezian” hava xəttinin yağ açarları müasir tipli vakuum açarlarla əvəz edilmişdir.

Qeyd edək ki, 110 kV-lik I “Sabirabad”, III “Sabirabad” və III “Kürdəmir” hava xətlərində, o cümlədən “Xalac” EVX-nin “Bəhrəmtəpə” budaqlanmasında ümumilikdə 200-dən çox izolyator yenisi ilə əvəzlənib. Xidməti ərazidə yerləşən elektrik şəbəkələrinin balansında olan 175-dən artıq  müxtəlif gücdə olan transformator təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Yeri gəlmişkən, “Füzuli” SES-in işə salınması ilə əlaqədar 110 kV-lik “Böyük Haramı” yarımstansiyasında 2 ədəd 110 kV-lik bölmə, 5 ədəd eleqaz açarı və digər avadanlıqların quraşdırılması üçün layihə sənədləri hazırlanıb, işlərin icrasına başlanılıb.

Onu da qeyd etmək yerinə düşərdi ki, 110 kV-lik "Yeni Beyləqan" yarımstansiyasında quraşdırılmış 2 saylı 25 MVA transformatorun 35 kV-lik tərəfində açar, bölmə ayırıcısı, transformator ayırıcısı və cərəyan transformatorunun quraşdırılması planlaşdırılır. Eləcə də eyni gərginlikli “Sa­birabad” yarımstansiyasında 2 saylı 16 MVA transformatorun 110 kV-lik tərəfində müasir tipli eleqaz açarının quraşdırılması da planlaşdırılır.

Sonda onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin xidməti ərazisində elektrik enerjisi ilə təchizatın dayanıqlığını daha da möhkəmləndirmək və eyni zamanda, hava xətlərinin istismar səviyyəsini yüksəltmək məqsədilə yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, 330-110-35 kV-lik yarımstansiyaların ərazilərində yanacaq məhsulları, çənlərin yerləşdiyi ərazilər, açıq paylayıcı quruluşlar  və digər istehsalat sahələri yanar tullantılardan, ot və çirkablı əşyalardan, mazut və yağ tökün­tülərindən təmizlənib. Balansda olan bütün yarımstansiyalarda  yanğınsöndürmə vasitələri dəyişdirilərək yeniləri ilə əvəz olunmuş, ərazi quru otlardan təmizlənmiş və çınqılla örtülmüşdür. Eyni zamanda transformator məntəqələrində transformatorlardan yağ sızmaların qarşısı alınmışdır.