YÜKSƏK KEYFİYYƏT UĞRUNDA

Image

“Masallı Elektrik Şəbəkəsi”ndə elektrik təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıları daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə həyata keçirilən işlər öz bəhrəsini verməkdədir. Şəbəkədən bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olması rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işləri ilə də bağlıdır.

Qeyd edək ki, son vaxtlar rayonun elektrik təsərrüfatında xeyli iş görülüb. Belə ki, cari ilin son üç ayı ərzində 10 və 0,4 kV-lik elektrik xətlərinin 3,2 km-ə yaxın hissəsi əsaslı təmir edilmiş, yenidənqurma tədbirləri çərçivəsində “Smart” kart tipli sayğacların quraşdırılması ilə əlaqədar 570 metrdən artıq koaksal kabel çəkilmişdir. Hava xətlərinin ətrafı yaşıl kütlələrdən təmizlənib. Rayonun enerji təsərrüfatının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir.  Eyni zamanda 18 TM-də əsaslı təmir işləri həyata keçirilmiş və ümüumi gücü 1,4 mVA-ya yaxın olan altı transformator da əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Onu da qeyd edək ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarının aşkarlanması üçün mütəmadi reydlər keçirilir. Belə ki, müəssisənin xidməti ərazisində cari ilin aprel ayında keçirilmiş reydlər zamanı 44 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 182,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Yeri gəlmişkən, cari ilin yanvar-aprel ayları ərzində reydlər zamanı 255 istehlakçının sayğac-uçot komplektində qüsur aşkar edilərək 1 milyon 88,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 65,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Müəyyən edilmiş məbləğdən təqribən 75 faizə yaxını ödənilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin məbləğin qalan hissəsinin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür. Sonda onu da qeyd edək ki, şəbəkədə əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.