TƏMİR BƏRPA İŞLƏRİ APARILMIŞDIR
Yanğın təhlükəsizliyi tədbirləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların və digər xoşagəlməz hadisələrin qarşısının əvvəlcədən alınması üçün zəruri tədbirlər durmadan həyata keçirilir.
“Lənkəran elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkəsinin əməkdaşları təmir bərpa işlərini uğurla həyata keçirirlər. O cümlədən son üç ay ərzində şəbəkənin balans mənsubiyyətinə aid olan 10-0,4 kV-lik EVX-lərin ümumikdə 4,3 kilometrdən artıq hissəsində əsaslı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 10 kV-lik xətlərin 1,7 km-dən artıq hissəsi yenidən qurulmuşdur. Bütün bunlarla yanaşı yenidənqurma işləri ilə əlaqədar smartkart tipli sayğacların quraşdırılması məqsədilə 1,3 km-ə yaxın koaksial kabel xətti çəkilmiş və 0,4 kV-lik xətlərin 6,7 km-dən artıq hissəsi SİP kabellə əvəzlənmişdir.
Qeyd edək ki, sözügedən dövrdə ümumi gücü 1,9 MVA-ya yaxın olan beş transformator əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur. Eyni zamanda səkkiz TM-də yenidənqurma işləri aparılmış, 16-da isə əsaslı təmir işləri görülmüşdür.
Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını bildirən mənbələr onu da bildirdilər ki, balans mənsubiyyətinə aid olan TM-lərin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edilmişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmış və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.
Mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 274,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 16,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində keçirilmiş reydlər zamanı 170-dən artıq istehlakçının qayda pozması faktı aşkar edilərək 1 milyon 325,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 79,5 manat istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 63 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.