“SUMQAYIT YGEŞ”İN ENERJİ OBYEKTLƏRİ TƏMİR OLUNUR

Image

“Ötən illərdə olduğu kimi, cari ildə də iqlim şəraiti ilə bağlı Planlaşdırılmış Tədbirlərə uyğun olaraq müəssisədə təmir işləri ilə yanaşı, yanğına qarşı tədbirlər də vaxtında və keyfiyyətlə yerinə yetirilir. Belə ki, bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış, ərazi quru otlardan təmizlənmişdir. Eyni zamanda mövsümlə əlaqədar olaraq şəbəkədə istismarda olan  ildırımdan mühafizə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və tam yararlı vəziyyətə gətirilmişdir”, – deyən “Sumqayıt yüksəkgərginlikli elektrik şəbəkə”sinin (YGEŞ) məsul işçisi “Azərenerji” ASC-nin Mətbuat xidmətinə onu da bildirdi ki, yaxın vaxtlarda cari ilin iş qrafikinə uyğun olaraq bir neçə yarımstansiyada yenidənqurma və müxtəlif təyinatlı təmir işlərinə start veriləcəkdir ki, bu da  istehlakçıların elektrik enerjisi ilə təminatının daha da dayanıqlı və keyfiyyətli ödənilməsinə xidmət edəcəkdir.

Mənbəyə istinadən qeyd edək ki, hazırda Bakı və Sumqayıt şəhərləri və ümumilikdə Abşeron yarımadasının su təsərrüfatının böyük hissəsinin elektrik enerjisi ilə təminatında müstəsna yeri olan “Ceyran­ba­tan” yarımstansiyasında 2 ədəd 40 MVA-lıq taransformator istismar olunur. Onların hər ikisinin  63 MVA-lıqla əvəzlənməsi planlaşdırılır. Həmçi­nin, sözügedən ob­yektdə istismar olunan 6 və 35 kV-lik qapalı paylayıcı quruluşlar uzun illərdən bəri istifadədədir. Orada da yenidənqurma tədbirləri həyata keçirilməklə hər ikisini bir binada yerləşdirmək nəzərdə tutulur.

Digər bir layihə “Şamaxı” yarımstansiyası üzrə aparılacaq. Burada olan 10 MVA-lıq transformatorlardan birinin 16 MVA-lıqla əvəzlənməsi və 6 kV-lik qapalı paylayıcı quruluşun tikilməsi planlaşdırılır. Yağ açarlarının eleqaz açarlarla əvəzlənməsi də bu qəbildən olan tədbirlər sırasındadır.

Onu da qeyd edək ki, “Kimyaçılar” yarımstansiyası üzrə daha bir layihənin icrası planlaşdırılır. 110 kV-lik tərəfdə 2 bölmə, 3 açar və 3-cü Sum­qayıt hava xətti üçün də açar quraşdırılmaqla sistemə qoşulması  istiqamətində hazırlıqlar gedir. “Sumqayıt-3” yarımstansiyası və Sumqayıt ES arasında əlaqə yaratmaq nəzərdə tutulur.

Onu da qeyd etmək yerinə düşərdi ki, bir sıra yarımstansiyalarda avadanlıqların yeniləşdirilməsi ilə tam yenidənqurma işlərinin hə­yata keçirilməsi nəzərdə tutulur.