TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, ölkə enerjisisteminin flaqmanı sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nın (İES) kollektivi Ulu Öndərin 90 illik yubileyini yüksək nailiyyətlərlə qeyd etdilər.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında stansiyada 677 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində stansiyada 3 milyard 3,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
“Baharın gəlişi ölkə energetiklərinin işgüzar əhval-ruhiyyəsini daha da yüksəldib. Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, burada da yaz-yay mövsümünə hazırlıqla bağlı tərtib edilmiş iş qrafikinə uyğun olaraq tədbirlər davam etdirilir. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin ötən dörd ayında 2 saylı tuneldə qidalandırıcı kanalın yamacı betonlanmışdır. Kimya sexində də müxtəlif təyinatlı işlər həyata keçirilmişdir. Yarımstansiyada isə eleqaz açarların quraşdırılması, avadanlıqların cari təmiri görülmüş işlər siyahısındadır.
“Hazırda bir blokun əsaslı təmiri, eleqaz açarların quraşdırılması, müəssisə daxili yolların və istehsalat binalarının təmiri, ehtiyat mazut çənlərinin və 2 saylı tunelin tikintisi davam etdirilir”, – deyən mənbə onu da qeyd etdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, könüllü yanğın dəstələri yaradılmış, stansiyadaxili yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilmiş və əks –qəza məşqləri keçirilmişdir.
Cari ildə nəzərdə tutulmuş digər təmir-tikinti işləri barəsində verilən məlumatda o da bildirildi ki, təmir qrafikinə uyğun olaraq bir enerji blokunun idarəetmə sisteminin yenidən qurulması, iki enerji blokunda əsaslı, birində orta təmir, 330 kV-lik açıq paylayıcı quruluşda (APQ) açarların eleqaz açarlar ilə dəyişdirilməsi, digər əsas və köməkçi sahələrdə avadanlıq, bina və qurğuların təmiri də görüləcək işlərdəndir.
Xatırladaq ki, “Azərbaycan İstilik Elektrik Stansiyası” hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir.