YENİ EVLƏRƏ SMART-KART SAYĞACLAR QURAŞDIRILIR
“İmişli Elektrik Şəbəkəsi”ndə birinci rüb uğurla başa çatdırılıb. Keçən ilin analoji dövrü ilə müqayisədə sərfiyyat 1,5 milyon kilovat-saat aşağı düşüb. Bunun da əsas səbəblərindən biri hələ keçən il payız-qış mövsümünə hazırlıq zamanı xidməti ərazidə istismarla bağlı görülən işlərin müsbət nəticə verməsidir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 950 abonentdən ibarət Aranlı kəndində, həmçinin Xəlfəli və Sərxanlı kəndlərində dayaqların yenisi ilə əvəz olunması, açıq naqillərin SİP-kabellərlə dəyişdirilməsi kimi mühüm işlərin məntiqi nəticəsi olaraq müəyyən qədər kommersiya itkilərinin qarşısının alınmasına nail olunub. Digər tərəfdən istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi istiqamətində də irəliyə doğru addımlar atılıb.
Qeyd edək ki, ilin əvvəlindən ayrı-ayrı kəndlər üzrə 44 dayağın dəyişdirilməsi həyata keçirilib. 12,3 kilometr uzunluğunda müxtəlif gərginlikli məftillər dəyişdirilib. İkinci rübdə də ilin əvvəlindən başlanan tədbirlər sistemli şəkildə davam etdirilir. 6 kənddə 73 ədəd dayağın dəyişdirilməsi nəzərdə tutulur ki, bu işlər də təxminən iyunun sonuna kimi başa çatdırılmalıdır. Hesabat dövründə müxtəlif ərazilər üzrə qüsurlu sayğacların yeniləşdirilməsi istiqamətində də addımlar atılıb.
Yeri gəlmişkən, cari il üçün reallaşdırılması nəzərdə tutulan tədbirlər arasında mühüm olanlardan biri də rayon mərkəzində həyata keçirilən yenidənqurna mərhələsindən sonra tikilən yeni yaşayış yerlərinə SİP-kabellərin çəkilməsi və smart-kart tipli sayğacların quraşdırılmasıdır.
Sonda onu da qeyd edək ki, şəbəkədə elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı görülən tədbirlər ardıcıl xarakter daşıyır. Belə halların əsas hissəsi sayğacdankənar xətlərin çəkilməsi ilə bağlıdır və Xəlfəli, Qarağaclı, Muradallı və Nurulu, Şahverdili, Göbəktala, Rəsullu kəndlərində bunlar daha çox müşahidə olunur.