Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış
“Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Onun xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. ...Biz – ulu öndərin davamçıları elə etməliyik ki, onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri “Azərbaycan işıqları”nın dünən çapdan çıxmış xüsusi buraxılışının birinci səhifəsində yer almışdır. “Azərenerji” ASC-nin Mətbuat xidmətinin və qəzetin redaksiyasının birgə hazırladığı rəngli-illüstrasiyalı nəşr ulu öndər Heydər Əliyevin anadan olmasını 90 illik yubileyinə həsr olunmuşdur.
Azərbaycana rəhbərliyinin hələ birinci dövründə respublikanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər aparan, gələcək müstəqillik üçün möhkəm zəmin yaradan Heydər Əliyevin həmin dövrdə elektrik enerjisi sistemində həyata keçirilmiş geniş quruculuq tədbirləri haqqındakı aşağıdakı sözləri də buraxılışın birinci səhifəsində verilmişdir: “1970-ci illərin əvvəllərində biz, şəxsən mən Azərbaycanın gələcəyini düşünərək və bu mühüm sahədə respublikamızın asılı olmamağını təmin etmək üçün Azərbaycanda geniş elektrik enerjisi müəssisələri sisteminin tikilməsi, yaranması, istifadəyə verilməsi proqramını hazırladıq. Biz bu proqramı 1970-80-ci illərdə uğurla həyata keçirdik. ....Mən xöşbəxtəm ki, bu işlərin həyata keçirilməsində bilavasitə iştirak etmişəm və o illərdə, 1970-80-ci illərdə, Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam”.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin “Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil enerji sisteminin yaradıcısıdır” sərlövhəli məqaləsindən oxucular ölkəmizin elektrik enerjisi sisteminin tarxinin qızıl səhifələrini təşkil edən 1969-1982-ci və 1993-2003-cü illərdə ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş möhtəşəm quruculuq işləri barədə ətraflı məlumatlar ala biləcəklər.
Buraxılışda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Regional məsələlər komitəsinin sədr müavini, respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun YAP-ın rəsmi internet səhifəsinə verdiyi müsahibənin geniş xülasəsi dərc edilmişdir.
Milli Məclisdə energetiklər şəhəri Mingəçeviri təmsil edən, özü də vaxtı ilə energetika sahəsində çalışmış tanınmış siyasi şərhçi, millət vəkili Aydın Mirzəzadənin məxsusi olaraq “Azərbaycan işıqları”nın xüsusi buraxılışı üçün yazdığı “Heydər Əliyev Azərbaycan tarixinin şanlı səhifələrini yazmış görkəmli dövlət xadimidir” sərlövhəli məqalədə ulu öndərimzin çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin ən mühüm məqamları sadə, yığcam, ancaq təsirli bir dillə, güclü məntiqlə təhlil edilir, oxucuların diqqətinə çatdırılır.
Xüsusi buraxılışda Heydər Əliyevin elektrik energetikası müəssisələrinin təməlinin qoyulması, inşası və istismara verilməsi, həmçinin energetiklərlə səmimi görüşləri zamanı lentə alınmış çoxsaylı tarixi fotoşəkillər, eləcə də dünyanın nüfuzlu şəxsiyyətlərinin ulu öndərimiz haqqında fikirləri və onun özünün energetika, sosial-iqtisadi həyat barədə aforizmələrinə geniş yer verilmişdir.