GÖRÜLƏN TƏDBİRLƏR SƏMƏRƏSİNİ VERİR
“Qusar Elektrik Şəbəkəsi” xidmət göstərdiyi ərazinin genişliyinə görə digər şəbəkələrdən fərqlənir. Şəbəkə əməkdaşları ümumi uzunluğu 1067 kilometrə yaxın olan 0,4 kilovoltluq elektrik verilişi xəttinə (EVX) xidmət göstərir. 10 və 6 kV-lik EVX-lərin uzunluğu isə 605 kilometrdən çoxdur. 10 və 6 kV-lik EVX-lərdən gücü 87 MVA-dan artıq olan 579 transformator doydurulur.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd olunur.
Mənbənin bildirdiyinə görə, aparılan məqsədyönlü tədbirlər nəticəsində 0,4 kV-lik EVX-lər istənilən hava şəraitinə tam hazır vəziyyətdədir. Bütün xətlər üzrə cari və əsaslı təmir işləri aparılıb və hazırda da həmin işlər davam etdirilir. Transformator məntəqələrində də zəruri tədbirlərin görülməsi hesabına əsas işlər yekunlaşmışdır. Mühüm amillərdən biri də şəbəkənin tələb olunan mal-material və maşın-mexanizmlərlə təmin olunmasıdır ki, bu məsələ də ciddi şəkildə diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, cari ilin son üç ayı ərzində 10 kV-lik xətlərin 3,6 kilometri dəyişdirilmişdir. Eyni zamanda 10, 6 və 0,4 kV-lik xətlər üzrə 20 km naqil dartılmış, 55 dayaq yenisi ilə əvəzlənmiş, 60 dayaq düzləndirilmiş, 80-ə yaxın dayaq isə cari təmir edilmişdir. Bütün bunlarla yanaşı 7 TM və KTM-dən çıxan 0,4 kV-lik xətlər kabellə əvəzlənmiş, 24 TM və KTN-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və bir transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 34 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 65,1 min kilovatsaatdan artıq (bunun 51,6 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə 94 qayda pozuntusu faktı aşkar olunmuşdur. Qayda pozuntularının təsnifatına görə müvafiq qaydada hesabat aparılaraq 129,7 min kilovatsaata yaxın (bunun 103,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Cari ilin mart ayında 5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 13,1 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 2,8 milyon/ kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 738 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10,2 faiz çox təşkil etmişdir.
Onu da qeyd edək ki, cari ilin I rübü ərzində 16,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,8 milyon kilovatsaata yaxın artmış, ödənişdə isə mütləq artım 6 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak 8,8 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 2,1 milyon kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 14 faiz olmuşdur.