“YARDIMLI EŞ”: REYDLƏR NƏTİCƏ VERİR
“İstehkakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində (EVX) əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir”, – deyən “Yardımlı Elektrik Şəbəkəsi”nin (EŞ) məsul işçisinin cari ilin son üç ayı ərzində müəssisə üzrə görülmüş yenidənqurma və təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verdiyi məlumata görə, balans mənsubiyyətinə aid olan 10 kV-lik bir neçə EVX-də həyata keçirilmiş təmir işləri çərçivəsində bu xətlərin 7,1 kilometri təmir edilmişdir. Yeri gəlmişkən, 0,4 kV-lik şəbəkə üzrə isə müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən 1,8 kilometrə yaxın xətt əsaslı və cari təmir edilmişdir. Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 9 transformator məntəqəsində əsaslı və carı təmir işləri aparılmış və gücü 630 KVA olan bir transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Şəbəkələrdə aparılan yenidənqurma işləri, həmçinin, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına baxmayaraq, sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var. Bu istehlakçılar tərəfimizdən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür”, – deyən mənbə cari ildə keçirilmiş reydlər və istehlak edilmiş elektrik enerjisi barəsində də məlumat vermişdi.
Onun bildirdiyinə görə, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 9 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilərək 74,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Qeyd edək ki, cari ilin I rübü ərzində isə 20-dən çox qayda pozuntusu aşkar edilmişdir. Nəticədə 110,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Aktlar üzrə bərpa edilmiş itirilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişindən söz açan mənbə bildirdi ki, 6,6 min manatdan artıq olan həmin bu istehlak dəyərinin 11 faizə yaxın hissəsinin ödənilməsi təmin edimiş, qalıq hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Mənbə onu da qeyd etdi ki, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 1,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 399 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 339 min kilovatsaata yaxın artaraq 1,1 milyon kilovatsaatdan artıq olmuş, ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 15 faizə yaxın artmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin I rübü ərzində isə burada 4,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 737 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 20 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 515 min kilovatsaat artaraq 3,3 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 11 faizə yaxın olmuşdur.