MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR NƏTİCƏ VERİR

Image

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə paylayıcı elektrik şəbəkəsi  müəssisələrində mühüm addımlar atılır.

“Oğuz” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, enerji təchizatında dayanıqlığın  daha da möhkəmləndirilməsi məqsədilə son üç ay  ərzində 10 kV-lik “Baş Daşağıl”, “ATS”, “Xaçmaz” və “Kərimli” hava elektrik verilişi xətlərində iki kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri aparılıb. Mənbədən aldığımız məlumata görə, müvafiq tədbirlər rayonun mərkəzində və onun  Qumlaq, Kərimli, Calud kəndlərində də icra edilmişdir. Qeyd edək ki, burada  0,4 kV-lik EVX-lər üzrə 4,5 kilometrə yaxın  məsafədə əsaslı və cari təmir işləri yerinə yetirilib və enerji daşıyıcılar normal vəziyyətdə istifadəçilərin xidmətinə verilib.

Bununla yanaşı, 10/0,4 kV-lik tranformatorlar da təmir edilmişdir. Belə ki, müəssisədən verilən məlumata əsasən, hesabat dövründə burada 8 TM təmir edilərək normal iş rejiminə gətirilib.

“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 16 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 121,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə burada 45 qayda pozuntusu faktı aşkar olunmuş, tərtib edilmiş aktlar müvafiq qaydada  araşdırılaraq hesabat aparılmış və nəticədə 216,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 13 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 82 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində 5,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,3 milyon kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 20 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 min kilovatsaat artaraq 915 min kilovatsaat olmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin I rübü ərzində isə burada 17,1 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 834 min kilovatsaatdan çox,  ödəniş isə 4 faizdən artıq mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 160 min kilovatsaata yaxın artaraq 3 milyon kilovatsaata yaxın olmuşdur.