TƏMİR İŞLƏRİ VƏ REYDLƏR DAVAM EDİR

Image

“Enerjisistemin bütün müəssisələri kimi, bizim müəssisənin də balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM), elektrik verilişi xətlərində təmir və yenidənqurma işləri mütəmadi olaraq davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri də günün tələbləri səviyyəsində yerinə yetirilir”.

“Qax Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, cari ilin son üç ayı ərzində 10 kV-lik III “Şəhər”, “İlisu”, “Qaşqaçay” və digər bu qəbildən olan EVX-lərin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif təyinatlı işlər həyata keçirilmiş, o cümlədən 17,1 kilometrdən artıq xətt təmir edilmişdir. Bundan əlavə sözügedən dövrdə Qax rayonu və rayonun Almalı, İlisu, Qaşqaçay, Qorağan kəndlərində 0,4 kV-lik xətlərdə aparılan təmir işləri çərçıvəsində həmin bu xətlərin 6 kilometrdən artıq hissəsi təmir olunmuşdur. Qeyd edək ki, həmin bu dövrdə 10-dan artıq TM-də də müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.

“Qayda pozuntularının müəyyən edilməsi, onların qarşısının alınması istiqamətində mütamadi reydlər keçirilir, həmin bu istehlakçılara qarşı daha sərt tədbirlər görülür və bundan sonra da görüləcəkdir”, – deyən mənbə aşkar edilmiş qayda pozuntularına görə görülmüş tədbirlərdən də danışdı.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin mart ayında keçirilmiş reydlər zamanı 17 qayda pozuntusu aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 21,5 min kilovatsaata yaxın  itirilmiş elektrik enerjisinin 1,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində  burada 60 qayda pozuntusu aşkar edilərək 106,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.

Qayda pozuntularının xarakterindən və istehlakçı qrupu üzrə təsnifatından söz açan mənbə elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halının üstünlük təşkil etdiyini və ən çox qayda pozuntusunun  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edildiyini bildirdi.

Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 2,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 402,3 min kilovatsaat, ödəniş isə 12 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 min kilovatsaatdan çox artaraq 1,7 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır.

Yeri gəlmişkən, cari ilin I rübü ərzində burada 9,2 milyon  kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 768 min kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 13 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 369 min kilovatsaata yaxın artaraq 5,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə  ötən ilin eyni dövründəki göstəricidən mütləq 7,8 faiz çoxdur.