QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR
Ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alıb. Avadanlıqların ifrat yüklənmədən və gələcək aylarda havanın yüksək temperaturunun təsirindən qorunması üçün zəruri tədbirlər həyata keçiririb.
“Qazax Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə bu enerji təsərrüfatının transformator məntəqələrində (TM) və 10, 6 və 0,4 KV-lik şəbəkələrinin mövcud vəziyyəti barəsində daxil olan məlumata görə, burada yenidənqurma və təmir işləri nəzərdə tutulan qrafik üzrə aparılır. Dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, zərurət yaranan ərazilərdə məftillər dəyişdirilir. Bundan başqa, daha çox yüklənən transformator məntəqələrinin yükü azaldılır, həmin istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalması və dayanıqlığın yaxşılaşdırılması baxımından müsbət təsirə malikdir. Cari ilin son üç ayı ərzində 10 və 6 kV-lik hava xətlərinin 440 metri təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərdə aparılmış təmir işləri zamanı həmin bu xətlərin 4,3 kilometrə yaxın hissəsi təmir olunmuşdur.
Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən ümumi gücü 5,8 MVA-dan artıq olan 15 tranformator da təmir edimişdir.
“Ümumiyyətlə, sözügedən müəssisənin elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur. Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 49,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin I rübü ərzində keçirilmiş reydlər zamanı 33 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 150,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 70 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin mart ayında burada ümumilikdə 5,9 milyon kilovatsaata yaxın, o cümlədən daimi əhali istehlakçı qrupu üzrə isə 2,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 446 min kVts-a yaxın, daimi əhali istehlakçı qrupu üzrə isə 302 min kVts-a yaxın azalmışdır.
Yeri gəlmişkən, cari ilin I rübü ərzində müəssisə üzrə 19,3 milyon kilovstsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 784,2 min kilovatsaat azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 8,7 milyon kilovatsaatdan artıq və 839 min kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq artım 1 faizə yaxın, daimi əhali istehlakçı qrupunda isə 3 faizə yaxın olmuşdur.