İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR
Hacıqabul energetikləri və enerji təchizatçıları öhdələrinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Cari ilin son üç ayında rayonda enerjinin istehlakçılara çatdırılmasında və dəyərinin ödənilməsində uğurlu addımlar atılıb. İstismar səviyyəsinin yüksəldilməsi enerji haqlarının ödənişində müsbət dəyişiklik yaradıb.
“Hacıqabul Elektrik Şəbəkəsi“ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxilı olan məlumata görə, müəssisənin balans mənsubiyyətinə aid olan 6 və 10 kV-lik xətlərin 5,4 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri həyata keçirilmişdir. 0,4 kV-lik xətlərin isə 1,5 km-ə yaxın hissəsi əsaslı təmir olunmuşdur.
Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan tansformator məntəqələrinin (TM) 2-də cari təmir işləri aparılmış və ümumi gücü 1,1 MVA-dan artıq olan 4 transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Şəbəkədən bildirilir ki, iqlim şəraitinin istiləşməsi də energetiklərin həyata keçirəcəkləri işin həcmini artırıb. Belə ki, yaz mövsümündə müxtəlif gücə malik xətlərin trassası yaşıl kütlədən təmizlənir.
Digər yenidənqurma və təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki, bütün bunlar həm də elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınmasına xidmət edir.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 847,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 50,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə burada 170-dən artıq qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Nəticədə 1 milyon 689,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 101,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da qeyd etdi ki, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 10,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,5 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 min kilovatsaatdan çox artaraq 5 milyon kilovatsaatdan artıq olmuşdur.
Cari ilin I rübü ərzində isə burada 32,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3,2 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon kilovatsaata yaxın artaraq 15,6 milyon kilovatsaatdan artıq olmuşdur.