ENERJİ DAŞIYICILARIN DAYANIQLIĞI MÜHÜM ŞƏRTDİR
Digər enerji müəssisələrində olduğu kimi “Xaçmaz Elektrik Şəbəkəsi”ndə (EŞ) də balans mənsubiyyətinə aid olan transformator və komplekt transformator məntəqələrində, elektrik verilişi xətlərində yenidənqurma işləri mütəmadi davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri günün tələbləri səviyyəsində yerinə yetirilir. Bunlardan əlavə, baş verə biləcək qəzaların və digər xoşagəlməz hadisələrin qarşısının əvvəlcədən alınması üçün durmadan zəruri tədbirlər həyata keçirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Xaçmaz rayonunun paylayıcı şəbəkələrinin enerji təchizatı ümumi uzunluğu 1321 kilometrdən artıq olan 10, 6 və 0,4 kV-lik EVX-lər və ümumi gücü 98,5 MVA-dan artıq olan 570-dən çox transformator vasitəsilə həyata keçirilir.
Mənbəyə istinadən qeyd edək ki, cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik EVX üzrə ümumilikdə 4,2 km-dən artıq naqil yenisi ilə əvəzlənmiş, 5 km məsafədə HX-nin trassası yaşıl kütlədən təmizlənərək sallaq naqillər dartılmış, 10-dan artıq dayaq yenisi ilə əvəzlənmiş, 20-ə yaxın dayaq düzləndirilmişdir. Bütün bunlardan əlavə TM və KTM-də də müxtəlif təyinatlı təmir işləri reallaşdırılmışdır.
Mənbə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlərlə bağlı onu da bildirdi ki, cari ilin mart ayında 56 istehlakçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 136,4 min kilovatsaata yaxın (bunun 102,7 min kilovatsata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 8,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə 250-dən artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 843,5 min kilovatsaata yaxın (bunun 544,3 min kilovatsata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 50,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 12 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata ğörə, müəssisə üzrə cari ilin mart ayında 12,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,7 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 2,1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır.
Sonda onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə 40 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,5 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 16 faizdən artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 25,9 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,8 milyon kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 19 faizə yaxın olmuşdur.