“ŞƏKİ EŞ”: REYDLƏR KEÇİRİLİR
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı sayğacın üst və ya alt qapaqlarına müvafiq dövlət qurumları tərəfindən vurulmuş möhürlərin pozulması, baxış şüşələrinin sındırılması və digər pozuntu hallarına rast gəlinir. Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Şəki” elektrik şəbəkəsinin (EŞ) əməkdaşları tərəfindən belə halların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə sözügedən müəssisədən daxil olan məlumata görə, burada cari ilin mart ayında keçirilmiş reydlər zamanı 50 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 167,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir.
Qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 210-dan artıq qayda pozuntusu aşkar edilərək 701,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 42,1min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 73 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı yenə də üstünlük təşkil etmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, qalıq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.
“İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə “Şəki” elektrik şəbəkəsində də mühüm addımlar atılır. Bu da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə və digər texniki iqtisadi göstəricilərdə yüksək nəticələrin əldə olunmasına olunmasına gətirib çıxarır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin son üç ayı ərzində 10 kV-lik “Aydınbulaq”, “B. Zəyzid”, “B. Göynük” və digər EVX-lərdə həyata keçirilmiş təmir işləri zamanı 5,4 kilometrdən artıq xətt təmir edilmişdir. Eyni zamanda Cəfərabad, Daşüz, Qoxmuq və bir neçə kəndin 0,4 KV-lik xətlərinin isə 3 kilometrə yaxın hissəsi təmir edilmişdir. Bütün bunlarla yanaşı həmin bu dövrdə 17 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 10,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 812 min kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 320 min kilovatsaatdan çox artaraq 5,4 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 1 faizə yaxın artmışdır.
Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin I rübü ərzində isə burada 35,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaata yaxın, ödəniş isə 7 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyon kilovatsaata yaxın artaraq 20 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 5 faizə yaxın çoxdur.