TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR
İstehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) idarəetmə strukturuna daxil olan EŞ-lərdə də cari ilin son üç ayında geniş həcmli yenidənqurma, eyni zamanda əsaslı və cari təmir işləri həyata keçirilmişdir.
“Ağstafa” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 6 və 10 kV-lik EVX-lərdə aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin 6,7 kilometri təmir edilmişdir. Paralel olaraq 0,4 kV-lik xətlərdə də analoji işlər həyata keçirilmiş və bu xətlərin də ümumilikdə 2,8 km-dən çoxu təmir olunmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir kampaniyası TM-lərdən də yan ötməmiş və həmin bu dövrdə 24 TM-də təmir edilmişdir. Eyni zamanda ümumi gücü 3,5 MVA-ya yaxın olan 16 transformator da təmir edilərək şəbəkəyə qoşulmuşdur.
Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə və enerji haqlarının ödənilməsində, eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının da alınmasında mühüm rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, burada cari ilin mart ayında keçirilmiş reydlər zamanı 16 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 43,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,6 min manarta yaxın istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 53 qayda pozuntusu faktı aşkar edilərək 224,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 13,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 47 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, yenə də elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Cari ilin I rübü ərzində müəssisə üzrə 22,4 milyon kilovatsaatdan artıq (bunun 8,8 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib), o cümlədən cari ilin mart ayında isə 7 milyon kilovatsaata yaxın (bunun 2,7 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövri ilə müqayisədə cari ilin I rübündə ümumi istehlak 917 min kilovatsaatdan çox (daimi əhali qrupunda 1,4 milyon kilovatsaata yaxın), o cümlədən mart ayında isə ümumi istehlak 281 min kilovatsaata yaxın (daimi əhali qrupunda 451 min kilovatsaat) azalmışdır.