ENERJİ VERİLIŞİNİN DAYANIQLIĞI YÜKSƏLDİLİR
“İmişli Regional Elektrik Şəbəkəsi”ndən (REŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində avadanlıqların normal istismarının daha da yaxşılaşdırılması, davamlılığının təmin edilməsi məqsədilə təmir və quraşdırma işləri ardıcıl xarakter kəsb edib.
Hazırda ifrat yüklənmə və gələcək inkişaf perspektivi nəzərə alınaraq, 110 kV-lik “Daşburun” yarımstansiyasında 2 saylı 10 MVA transformator 16 MVA-lıqla əvəzlənib. “Sabirabad” yarımstansiyasında yenidənqurma işləri ilə əlaqədar müasir tipli eleqaz açarları, cərəyan transformatorları, gərginlik transformatorları quraşdırılıb. Həmçinin 110 kV-lik açarların avtomatika və idarəetmə dövrələrində nəzarət kabelləri yenisi ilə əvəz edilməklə, yenidənqurma işləri başa çatdırılıb.
Eyni zamanda “Sabirabad Elektrik Şəbəkəsi”nin xidməti ərazisində 35 kV-lik “Təzə Kürqırağı” yarımstansiyasında 4,0 MVA transformator əsaslı təmir edilib, “Qiyamaddınlı” yarımstansiyasında zədələnmiş 2,5 MVA gücündə transformatorun əvəzinə ehtiyatda olan 4,0 MVA gücündə transformator quraşdırılıb, “Vidadi-1” və “Vidadi-2” yarımstansiyalarında zədələnmiş transformatorlar əsaslı təmir edilərək yerlərinə quraşdırılıb.
Qeyd edək ki, 110 kV-lik “Bəhrəmtəpə” yarımstansiyasında genişləndirmə işlərinə başlanılıb. Yarımstansiyada əlavə 1 ədəd 25 MVA gücündə transformator, 2 ədəd 110 kV-lik eleqaz açarı, 1 dəst cərəyan transformatoru, 10 kV-lik hissədə müasir tipli açarlar quraşdırılıb. Hazırda kabel kanallarının quraşdırılması və ikinci komutasiya dövrələrinin kabellərinin atılması işləri aparılır.
Bütün qeyd olunanlar şəbəkələr üzrə dayanıqlığın daha da artırılmasına və tələbatçılara ötürülən elektrik enerjisinin keyfiyyətinin yüksəldilməsinə hesablanıb.