QABAQLAYICI TƏDBİRLƏR ÖZ SÖZÜNÜ DEYİR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə müxtəlif gərginlikli paylayıcı və ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin  ən mühüm vəzifələrindən biridir. Şəbəkələrin mövsümə hazırlanması ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində mövcud iqlim şəraitində xoşagəlməz hadisələr baş verməmişdir. İstehlakçıların elektrik enerjisi təchizatında kəmiyyət və keyfiyyət dəyişikliyinə nail olunmuşdur.

“Samux Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata əsasən, şəbəkədə əsaslı və cari təmir işləri davam etdirilir.

Mənbənin bildirdiyinə görə, son üç ay ərzində 10, 6 və 0,4 kV-lik hava xətləri də daxil olmaqla 5,1 kilometrə yaxın xəttdə təmir işləri aparılmışdır. Eyni zamanda 10-dan artıq TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və müxtəlif gücdə iki transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata  görə, cari ilin mart ayında müəssisənin xidmət ərazisində 8,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 419,2 min kilovatsaat azdır. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 17,3 faiz artmışdır. O cümlədən, ötən ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali istehlakçı qrupu üzrə istehlak 266 min kilovatsaata yaxın azalmış, ödənişdə mütləq artım 5 faizə yaxın olmuşdur. Qeyd edək ki, cari ilin mart ayında daimi əhali istehlakçı qrupu üzrə istehlak 1,8 milyon kilovatsaatdan artıq olmuşdur.

Onu da qeyd edək ki, cari ilin I rübü ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 118 min kilovatsaata yaxın azalaraq 23,5 milyon  kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 5 faizə yaxın mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 886,2 min kilovatsaat azalaraq 5,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır.

Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 330 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 19,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə 106 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 872,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 52,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.