“TƏRTƏR EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər şəbəkələrdə olduğu kimi, “Tərtər Elektrik Şəbəkəsi”ndə də (EŞ) istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
Mənbədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində burada müxtəlif gərginliyə (10 və 0,4 kV-lik) malik 34,3 kilometrə yaxın elektrik verilişi xəttində təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 2,6 km-dən artıq xətt yenisi ilə əvəzlənmiş, 10 dayaq dəyişdirilmiş və 7 travers quraşdırılmışdır. Bütün bunlarla yanaşı xətlərin trassası yaşıl kütlədən təmizlənmiş, dayaqlar düzləndirilmiş və naqillərin qabariti bərpa olunmuşdur. Yeri gəlmişkən, sözügedən dövrdə 20-dən artıq transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri də aparılmışdır.
Mənbənin bildirdiyinə görə, burada cari ilin mart ayında keçirilmiş reydlər zamanı 27 istehlakçının (bunun 24-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 104,3 min kilovatsaata yaxın (bunun 71 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 6,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Cari ilin I rübü ərzində 250-dən artıq qayda pozuntusu (bunun 237-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilmiş, 1 milyon 196,4 min kilovatsaata yaxın (bunun 998,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 71,8 min manata yaxın istehlak dəyəri bərpa edilmiş, onun 90 faizə yaxın hissəsinin ödənişi hesabat dövründə təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin mart ayında müəssisə üzrə ümumilikdə 9,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 640 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 11,4 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 257 min kilovatsaata yaxın azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 13,4 faiz çoxdur.
Sonda onu da qeyd edək ki, cari ilin I rübü ərzində ümumi istehlak 26,2 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 853 min kilovatsaatdan çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 211,1 min kilovatsaat azalaraq 7,4 milyon kilovatsaatdan artıq olmuşdur.