İŞLƏR UĞURLA DAVAM EDİR

Image

Səmərəliliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, Dövlət başçımızın diqqət və qayğısı sayəsində  elektrik enerji sisteminin respublika iqtisadiyyatının sürətli inkişafının qabaqlamasını təmin etmək məqsədilə postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri olan “Şəki Elektrik Stansiyası” da müstəqillik illərində respublikamızın enerji istehsalı müəssisələri sırasına qoşulub. Tarixən gənc olsa da, burada çalışan energetiklər daim yeniliyə can atıb, istehsalda uğurlar qazanıblar. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda enerjisinin istehsalı ilə əlaqədar məsələyə toxunularaq qeyd edilir ki, cari ilin mart ayında burada 28,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə enerji obyektində 88 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Mənbə onu da bidirdi ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində cari ilin son üç ayı ərzində bir aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri həyata keçirilmişdir. Yeri gəlmişkən, cari ildə digər aqreqatlarda da əsaslı texniki xidmət işlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, stansiyada təmir-bərpa işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmiş, o cümlədən  dekorativ və meyvə bağlarına xüsusi qulluq edilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir.  Bütün bunlarla yanaşı cari ildə də heyətin istismar və bilik səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Şəki” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.