NƏTİCƏLƏR QƏNAƏTBƏXŞDİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və texniki iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

“Zərdab” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə cari ilin mart ayında ümumilikdə 4,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 168,3 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 209 min kilovatsaat artaraq 1,9 milyon kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 0,6 faiz olmuşdur.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə ümumilikdə 10,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 2,3 faiz çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 12,5 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda istehlak ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 7,2 faiz artaraq 5,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım 10 faizə yaxın olmuşdur.

Mənbə onu da bildirdi ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 11 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 24,5 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Onu da qeyd edək ki,  cari ilin I rübü ərzində sözügedən qayda pozuntusuna görə müəssisənin xidməti ərazisində 33 akt tərtib olunmuş, 54,9 min kilovatsaat itirilmiş elektrik enerjisinin 3,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Mənbə bütün bu nəticələrin əldə olunmasında həyata keçirilmiş yenidənqurma və təmir işlərinin böyük rilu olduğunu bildirdi. Yeri gəlmişkən, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik “2 saylı şəhər”, “Sovxoz”, “Seyidlər” və s. Şahhüseyn, Əlvənd, Ağamalılar və digər 7 kəndin, həmçinin, rayon mərkəzinin 0,4 kV-lik şəbəkələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və ümumilikdə 10,3 km-dən artıq xətt təmir olunmuşdur.

Sonda onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində müxtəlif gücdə 40-dan artıq transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.