İTKİLƏRİN AZALDILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

Enerjisistemdə dayanıqlığın yüksəldilməsi,  enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan, “Füzuli  Elektrik Şəbəkəsi”nin də xidməti ərazisində mühüm işlər görülür. Rayon ərazisində elektrik verilişi xətləri,  transformator məntəqələri inventarlaşdırılıb, abonentlərin uçotu dəqiqləşdirilib, yarımstansiyalar, transformatorlar kodlaşdırılıb.  Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində irəliləyiş  əldə edilib.

Sözügedən müəssisədən “Azərenerji” ASC nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin mart ayında müəssisə üzrə 21.6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2,5 milyon kilovatsaat çoxdur. İstehlak edilmiş elektrik enerjisinin ödənişi isə ötən ilin eyni dövründəki ödənişdən mütləq bir faizə yaxın çoxdur.

Qeyd edək ki, cari ilin I rübü ərzində isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon kilovatsaata yaxın artaraq 62,8 milyon kilovatsaatdan artıq olmuşdur.

“Xidmətin səviyyəsinin daha da yüksəldilməsi və enerji itkilərinin azaldılması istiqamətində də tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, son üç ay ərzində müəssisənin xidməti ərazisində olan 6 kV-lik “Hospital”, “Nasos”, 10 kV-lik “Alxanlı”, “Haramı”, “Şükürbəyli” və digər bir neçə EVX-də aparılmış təmir işləri zamanı ümumilikdə 3,4 km-ə yaxın xətt təmir olunmuşdur. Paralel olaraq Qayıdış və Örənqala qəsəbələri, Mahmudlu, Əhmədbəyli və digər kəndləri və Horadiz şəhəri ərazisində olan 0,4 kV-lik xətlərin isə ümumilkdə 5,4 km-dən artıq hissəsi təmir olunmuşdur.

Onu da qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə müxtəlif gücdə 30-a yaxın transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin mart ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 13 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 30,1 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində 47 qayda pozuntusu faktı aşkar edilərək 115,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 6,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 61 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.