“ŞİRVAN” REŞ: TƏMİR İŞLƏRİ APARILIB

Image

Enerjisistemdə yeni potensial generasiya güclərinin yaradılması ilə yanaşı, vacib məsələlərdən biri də istehsal olunan elektrik enerjisinin vaxtında və keyfiyyətli şəkildə tələbatçılara çatdırılmasıdır. Bu məsələnin həllində elektrik verilişi xətləri və yarımstansiyaların normal fəaliyyət göstərmələri mühüm rol oynayır. 35 kilovoltluq və ondan yuxarı gərginlikli hava xətləri və eyni gücə malik yarımstansiyalar üzrə nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib. 6-10-0,4 kilovoltluq şəbəkələr üzrə nəzərdə tutulmuş işlər də icra olunub.

Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Şirvan Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki  göstəricilərin daha da dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi məqsədilə son üç ay ərzində EVX-lərdə və yarımstansiya avadanlıqlarında həyata keçirilmiş yenidənqurma və təmir tikinti işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, sözügedən dövrdə 220 kilovoltluq I, II “Şirvan”, 110 kilovoltluq  II, III “Sabirabad”, I, II “Masallı”, II “Muğan” və digər hava elektrik verilişi xətlərinin 18 kilometri təmir edilmiş, 800-ə yaxın izolyator dəyişdirilmiş, 300-ə yaxın isə xətt armaturu yeniləri ilə əvəz edilmişdir.

Qeyd edək ki, analoji təmir işləri müəssisənin xidməti ərazisində olan 754 sayli, I və II Üçtəpə, Masallı-Arus 35 KV-lik EVX-lərdə də aparılmışdır.

Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövrdə REŞ-in balans mənsubiyyətinə daxil olan 110 kV-lik “Masallı” yarımstansiyasında 1 və 2 saylı 40 MVA transformatorlar, 35 kV-lik “Viləş”, “Xıl”, 10 kV-lik xətlərin beş yağ açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir. Eyni zamanda 35 kV-lik “Lerik” yarımstansiyasında 1 və 2 saylı transformator, 10 kV-lik xətlərin beş yağ açarları və 25 KVA gücündə xüsusi sərfiyyat tranformatoru təmir edilmişdir. Ümumiyyətlə, həmin bu dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda müxtəlif gərginlikdə olan 20-yə yaxın transformator və 60-a yaxın yağ açarı təmir edilərək normal iş rejiminə gətirilmişdir.

Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki,  paylayıcı şəbəkələrdə də (10, 6 və 0,4 kV-lik xətlərdə və transformator məntəqələrində) müxtəlif təyinatlı təmir işləri görülmüşdür ki, bu da avadanlıqların texniki göstəricilərinin keyfiyyətini daha da artırmışdır.

Mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanıldığını bildirən mənbə onu da bildirdi ki, xidməti ərazidə olan yarımstansiyaların, transformator məntəqələrinin ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır.

Yeri gəlmişkən, görüləcək işlərdən söz açan mənbə sonda onu da bildirdi ki, mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.

Xatırladaq ki, müəssisə Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Şirvan, Hacıqabul rayonları və Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən EVX-lərə, yarımstansiyalara xidmət göstərir.