“AĞDAŞ EŞ”: TƏMİR İŞLƏRİ DAVAM EDİR
“Ağdaş Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata əsasən bildirək ki, şəbəkəyə yeni qoşulan abonentlərin sayğaclaşdırılması, həmçinin, mövcud sayğaclara texniki xidmət göstərilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Qeyd edək ki, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik EVX-lərin 3,4 km-i təmir edilmiş, 18 dayaq yenisi ilə əvəz edilmiş və 6-sı təmir olunmuş, 9 ədəd travers quraşdırılmışdır. Eyni zamanda “Aşağı Ləki”, “Abad”, “Ağzıbir”, “Maşad” və digər 0,4 kV-lik xətlərdə aparılmış təmir işləri zamanı 7,7 km xətt təmir olunmuş, 14 dayaq yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 10-da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və müxtəlif gücdə dörd transformator da əsaslı təmir edilərk istehlakçıların xidmətinə verilmişdir.
Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin fevral ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 3 faizə yaxın azalaraq 6 milyon kilovatsaatdan artıq olmuşdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 7,7 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 5,3 faiz azdır. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 17 faizdən çox artmışdır.
Onu da qeyd edək ki, cari ilin 2 ayı ərzində isə ümumilikdə 13,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehklak 3 faizə yaxın azalmış, ödənişdə mütləq artım 10,7 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 8,2 milyon kilovatsaatdan artıq, 6 faizə yaxın və 11,4 faiz olmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin füvral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 68 istehlakçının (bunun 63-ü məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 260 min kilovatsaata yaxın (bunun 223,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 15,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 47 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, cari ilin iki ayı ərzində qayda pozuntusuna görə müəssisənin xidməti ərazisində 93 akt (bunun 85-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) tərtib olunmuş, 368,9 milyon kilovatsaata yaxın (bunun 332,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 22,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.