MÜVAFİQ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün digər enerji müəssisələrində olduğu kimi, “Siyəzən” elektrik şəbəksinin (EŞ) kollektivi xidməti ərazidə yerləşən transformator və komplekt transformator məntəqələrində (TM və KTM), paylayıcı şəbəkələrdə müvafiq yenidənqurma, təmir-tikinti işləri həyata keçirirlər.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Siyəzən” EŞ-dən daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə son üç ay ərzində də 10, 6 və 0,4 kV-lik şəbəkələrdə bir sıra mühm təmir işləri həyata keçirilmişdir. Belə ki, 10 kV-lik “Dağquşçu”, “Çınqıl zavod”, 6 kV-lik “Tunel tikinti”, “Məşrif”, 0,4 kV-lik “Balaca” və Böyük Həmyə”, “Yenikənd” və digər sözügedən gərginliklərdə olan xətlərin ümumilikdə 30,7 kilometrində təmir işləri həyata keçirilmiş, 20-dən artıq dayaq isə yenisi ilə əvəzlənmişdir. Eyni zamanda, sözügedən gərginliklərdə olan hava xətlərinin trassalarına baxış keçirilmiş, ağacların budanması və məftillərin dartınması, dayaqların düzləndirilməsi işləri də aparılmışdır.
Qeyd edək ki, müəssisənin xidməti ərazisində TM, KTM-lərə baxış keçirilmiş, mövcud nöqsanların aradan qaldırılması məqsədilə təmir qrafiki müəyyən edilmiş və qəza açılmalarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür. O cümlədən, transformatorlarda kontur müqavimətlərinin, faza arası gərginliyin, faza arası yüklərin sınaq ölçmə işləri aparılmışdır. Eyni zamanda texnoloji itkilərin azaldılması məqsədilə Əmirxanlı və Gil-gil kəndlərinin hər birində bir ədəd transformator yükə uyğun yenisi ilə əvəzlənmişdir.
Onu da qeyd edək ki, təmir qrafiki çərçivəsində sözügedən dövrdə 15 TM və KTM-lərdə təmir işləri həyata keçirilmişdir. Hazırda müəssisənin balans mənsubiyyətinə aid olan TM, KTM və EVX-lərdə cari ilin təmir qrafikinə uyğun olaraq işlər davam etdirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin fevral ayında müəssisənin xidmət ərazisində 8,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 330,5 min kilovatsaat azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 369 min kilovatsaat artaraq 3,2 milyon kilovatsaatdan artıq olmuş, ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 20 faizə yaxın artmışdır.
Yeri gəlmişkən, cari ilin 2 ay ərzində müəssisə üzrə elektrik enerjisi istehlakı 18,1 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 21,3 min kilovatsaat azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş 7,5 faiz mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 milyon kilovatsaata yaxın artaraq 7,5 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə 31,6 faiz mütləq artmışdır.
Əldə etdiyimiz digər bir məlumata görə, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də tədbirlər davam etdirilir. Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.