İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsi, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ildə də davam etdirilir.
“Balakən Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi də üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Son üç ay ərzində də elektrik enerjisinin istehlakçılara çatdırılmasında uğurlu addımlar atılıb.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu istiqamətdə atılan addımlar sırasına 110 kV-lik “Balakən”, “Katex”, 35 kV-lik “Qabaqçöl” yarımstansiyalarından doydurulan 10 kV-lik “Sənaye”, “Konserv”, “Qazbinə”, “Tülü”, 6 kV-lik “İtitala” HX-lərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri daxildir. Eyni zamanda sözügedən dövrdə 0,4 kV-lik xətlərdə də təmir işləri aparılmışdır. Ümumiyyətlə, 10, 6 və 0,4 kV-lik xətlərin 11,2 km-i təmir edilmişdir. Qeyd edək ki, həmin bu dövrdə balans mənsubiyyətinə aid olan 36 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 35 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 79,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə burada 70 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularına görə 138,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində 3,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 3,5 faiz azdır. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 7 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 14,4 faiz azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 14,7 faiz artmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 2 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 619 min kilovatsaat artaraq 7,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə isə mütləq artım 9,4 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 194,8 min kilovatsaat, 4,9 milyon kilovatsaata yaxın və 8,7 faiz olmuşdur.