“AĞCABƏDİ EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Ağcabədi” EŞ-ində xidməti ərazisində cari və əsaslı təmiri ilə bağlı yerinə yetirilmiş tədbirlər planın nəticəsi olaraq  mövcud iqlim şəratitində heç bir şəbəkədaxili qəza hadisəsi baş verməmişdir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, dayanıqlığın daha da artırılması məqsədilə şəbəkənin 10 və 0,4 kV-lik xətlərində  bir sıra təmir işlər yerinə yetirilib. Belə ki, zədəli izolyatorlar dəyişdirilib, boşalmış naqillər dartılıb, transformator məntəqələrində  isə kipləşdirmə işləri aparılmışdır. Eyni zamanda 0,4 kV-lik fiderlərdə səliqə-sahman yaradılmışdır. O cümlədən son üç ay ərzində 10 kV-lik Hacıbədəli, 1 və 2 saylı “Şəhər”, “Kəhrizli” və digər bir neçə HX-lərin ümumilikdə 4,7 km-də təmir işləri arapılmışdır. 0,4 kV-lik xətlərin isə 5,1 km-i təmir edilmişdir.

Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində müxtəlif gücdə 43 transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Müəssisə üzrə cari ildə istehlak edilmiş elektrik enerjisinin həcmi və enerji haqqının  ödənilməsi vəziyyəti ilə əlaqədar verilən məlumata əsasən, cari ilin fevral ayında müəssisə üzrə 22,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 892,1 min kilovatsaat və ya 3,8 faiz azdır.  İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 35,5 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 4,2 milyon kilovatsaatdan artıq olmuşdur.

Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 409,3 min kilovatsaat azalaraq 45,2 milyon kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən cari ilin iki ayı ərzində istehlak edilmiş elektrik enerjisinə  görə ümumi ödəniş mütləq 54,4 faiz artıb. Daimi əhali istehlakçı qrupunda isə istehlak 7,6 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz azdır.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin iki ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 110-dan artıq qayda pozuntusu faktı aşkar edilərək 1 milyon 338,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 65,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin fevral ayı ərzində isə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilmiş reydlər zamanı 46 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 633,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 38 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən sonda onu da bildirək ki,  elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.