AVADANLIQLAR HƏMİŞƏ DİQQƏT MƏRKƏZİNDƏDİR
Cəlilabad rayonu və ətraf kəndlərinin enerji təchizatını təmin edən eyniadlı paylayıcı elektrik şəbəkəsinin texniki istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər planı yerinə yetirlir.
“Cəlilabad elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata əsasən, paylayıcı elektrik şəbəkəsi üzrə texniki göstəriciləri daha da yaxşılaşdırmaq üçün rayon mərkəzində və digər yaşayış məntəqələrindəki qurğu və avadanlıqlarda təmir-bərpa, sazlama işləri aparılır. Belə ki, smart kart tipli yeni sayğacların quraşdırılması işləri də həyata keçirilib. Bu məqsədlə son üç ay ərzində sözügedən sayğacların giriş xəttinə 3,4 km-dən artıq koaksial kabel xətti çəkilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir. Eyni zamanda bir sıra küçələrdə yeni dayaqlar basdırılmış və ümumilikdə 10 kV-lik EVX-lərin 6,4 km-dən artıq hissəsində və 0,4 kV-lik xətlərin isə 2,2 km-ə yaxın hissəsində təmir işləri aparılmışdır.
Qeyd edək ki, mövsümə hazırlıq tədbirləri çərçivəsində sözügedən dövrdə 20-yə yaxın TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və eyni zamanda iki transformatorda təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisə üzrə 82 qayda pozuntusu aşkar edilərək 418,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 25,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 12 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilmiş reydlər zamanı 150-yə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 105,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 66,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır”, - deyən mənbə qeyd etdi ki, cari ilin fevral ayında müəssisə üzrə 8,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon kilovatsaata yaxın azdır. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədəd mütləq 8,6 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz azalaraq 6,6 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 10,5 faiz olmuşdur.
Sonda onu da qeyd edək ki, cari ilin iki ayında müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 194,1 min kilovatsaat azalaraq 20 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13,2 faiz artmışdır.