“GƏDƏBƏY EŞ”: XİDMƏTİN SƏVİYYƏSİ DAHA DA YAXŞILAŞDIRILIR
“Gəncə” REŞ-nin balans mənsubiyyətinə daxil olan “Gədəbəy Elektrik Şəbəkəsi”nin xidməti ərazisində həyata keçirilmiş təmir işləri, istehlakçılar arasında aparılan təbliğat işləri, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı aparılan yoxlama reydləri və israfçılıqla istifadənin aradan qaldırılması sayəsində istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən cari ilin fevral ayında rayon üzrə elektrik enerjisi istehlakı 167 min kilovatsaata yaxın azalaraq 3,7 milyon kilovatsaatdan artıq olmuşdur. O cümlədən daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azalaraq 2,1 milyon kilovatsaatdan artıq olmuşdur.
Qeyd edək ki, cari ilin 2 ayı ərzində isə ümumilikdə 5,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 9 faizə yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 12,3 faiz azalaraq 4,2 milyon kilovatsaatdan artıq olmuşdur.
Şəbəkədən verilən məlumatda o da bildirilir ki, elektrik enerjisinin paylanmasında keyfiyyətin və dayanıqlılığın daha da mıhkəmləndirilməsi üçün ötən il bir sıra mühüm tədbirlər həyata keçirilib.
Mənbə bildirir ki, son üç ay ərzində 8,8 kilometr uzunluğunda 10 və 6 kV-lik, 10,5 kilometr uzunluğunda isə 0,4 kV-lik elektrik verilişi xəttində təmir işləri yerinə yetirilib. Eyni zamanda təsdiq olunmuş iş qrafikinə əsasən, 23 transformator məntəqəsində əsaslı və cari təmir işləri görülərək normal iş rejimi bərpa edilib. Onu da bildirək ki, şəbəkə üzrə hesabat dövründə ümumi gücü 6,4 MVA-dan artıq olan 28 transformator da təmir edilərək yenidən şəbəkəyə qoşulmuşdur.
Mənbədən əldə edilən digər bir məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 60 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 174.7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 10,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 18 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə burada 80-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nətisədə 260,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 15,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 28 faizdən çoxunun ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.