QABAQLAYICI TƏDBİRLƏR ÖZ SÖZÜN DEYİR
Yola saldığımız qış fəslində “Daşkəsən Elektrik Şəbəkəsi”ndə (EŞ) heç bir xoşagəlməz hadisə baş verməmişdir. EŞ-dən bunu Şəbəkənin payız-qış mövsümünə yüksək səviyyədə hazır olmaları ilə əlaqələndirdilər. Bu ilin əvvəlindən başlayaraq şəbəkədə əsaslı və cari təmir işləri davam etdirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata əsasən, son üç ay ərzində 10, 6 və 0,4 kV-lik hava elektrik xətləri də daxil olmaqla burada xeyli miqdarda yenidənqurma və təmir işləri icra edilib. O cümlədən, 600 metrə yaxın yeni kabell xətti çəkilmiş və ümumilikdə sözügedən gərginlikli xətlərin 2,5 km-ə yaxın hissəsində təmir işləri aparılmışdır.
Mənbənin verdiyi digər məlumata əsasən, bu dövrdə ümumi gücü 6,1 MVA-dan artıq olan 15 transformator da təmir olunaraq şəbəkəyə qoşulmuşdur.
“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət daha da yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılmışdır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisə üzrə 2,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faizdən çox azalaraq 773 min kilovatsaata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə enerji haqqının ödənişində mütləq artım 2 faizdən artıq olmuşdur.
Qeyd edək ki, cari ilin iki ayı ərzində müəssisə üşrə ümumi istehlak 5,3 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 14 faiz azalmış, ödənişdə mütləq artım 12 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 1,5 milyon kilovatsaata yaxın, 14 faiz və 7 faizdən çox olmuşdur.
Mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 26 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 129,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 7,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 21 faizdən şox hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində sözügedən qayda pozuntusuna görə müəssisənin xidməti ərazisində 80 akt tərtib olunmuş, 1 milyon 982,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 119 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.