REAL İŞLƏRİN NƏTİCƏSİ
Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir. Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər reallaşdırılır. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda da bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri də ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada 2015-ci ilin noyabr ayında 288,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal etmişdir. Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə bu rəqəm 2 milyard 715,9 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin son üç ayı ərzində də stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir. O cümlədən, əsas avadanlıqlarda təftiş işləri aparılmışdır. Bundan başqa soyuducu su kanalındakı daraqların yerindən çıxarılaraq zədəli hissələrinin təmiri aparılmışdır.