TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faiz yerinə yetirilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Bərdə Elektrik Şə­bəkəsi”ndən daxil olan məlumata görə, ötən il bu müəssisənin kollektivi  nəzərdə tutulmuş tədbirlər planına uyğun çalışıb. Belə ki, 125-ə yaxın transformator məntəqəsi təmir edilib. Eyni zamanda rayonda 7,1 km SİP kabeli xətti çəkilib. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik hava elektrik verilişi xətlərinin 80 km-ə yaxın hissəsində  təmir başa çatdırılıb və 410-dan artıq dəmir-beton dayaq basdırılıb.

Qeyd edək ki, görülmüş işlər bununla məhdudlaşmayıb. Rayonun 109 kəndinə xidmət edən transformator məntəqələrində,  hava elektrik verilişi xətlərində nəzərdə  tutulmuş texniki işlər  həyata keçirilib. Belə ki, 35 kV-lik “Şirvanlı”,  “Yeni Həyat”, “H.As­lanov”, “S.Vurğun” və “Bə­c­rəvan” yarımstansiyalarından  çıxan 10 kV-lik xətlərin müxtəlif istiqamətlərində əsaslı təmir işləri görülüb.

Hacılar, Gərənə, Çəmənli, Qazaxlar,  Mehdili, Soğan­ver­dilər, Uğurbəyli və digər kəndlərdə transformator məntəqələrindən çıxan  EVX-lərdə əsaslı təmir  işləri aparılıb.

Yeri gəlmişkən, sözügedən müəssisənin xidməti  ərazisində məcburi köçkünlərin yaşadıqları ünvanlara bu ilin yanvar-fevral aylarında 440 ədəd yeni sayğacın quraşdırılması da  görülən məqsədyönlü işlərin sırasındadır.

Yevlax rayonu və ətraf kəndlərinin enerji təchizatını təmin edən eyniadlı paylayıcı elektrik şəbəkəsinin texniki istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər planı yerinə yetirilir. Sözügedən müəssisədən əldə etdiyimiz məlumata görə, bu ilin yanvar-fevral  aylarında Yevlax şəhərindəki üç  transformator məntəqəsi təmirdən çıxarılıb. Aran qəsəbəsinin «Na­sos-2» hava xəttində  350 metr naqil təzələnib və  6 kV-lik 13-cü budaqlanmanın Tanrı­qu­lular və Salahlı  kəndləri  ərazisindəki beş ədəd ağac dayaq dəmir-beton dayaqla əvəzlənib.