TEXNİKİ İMKANLAR DAHA DA ARTIRILIR

Image

Ölkənin elektrik enerji təsərrüfatlarında həyata keçirilən hazırlıq işləri Abşeron yarımadası və bakıətrafı ərazilərin elektrik enerjisi ilə təminatında müstəsna rolu olan enerji obyektlərindən də yan keçməmişdir.  “Abşeron Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) balans mənsubiyyətinə aid olan EVX və yarımstansiyalar üzrə ötən il üçün nəzərdə tutulmuş təmir işləri qrafikə uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilmişdir. Bu da elektrik enerjisinə olan tələbatın daha da dayanıqlı və keyfiyyətli şəkildə paylanmasına, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılmasına və s. xidmət edir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olmuş məlumatına görə, enerji obyektlərində son üç ayda da sistem əhəmiyyətli xeyli tədbirlər həyata keçirilmiş və müəyyən işlər hazırda da davam etdirilir. O cümlədən, 220 KV-lik “Müşfiq” yarımstansiyasında yeni quraşdırılmış 3 saylı avtotransformatorun 10 kV-lik tərəfində reaktorun və paylayıcı məntəqənin quraşdırılması işləri başa çatdırılmışdır. Hazırda idarəetmə məntəqəsində idarəetmə lövhələrinin yenisi ilə əvəz olunması işləri davam etdirilir. Eyni zamanda “Hövsan” və “8 km” yarımstansiyalarında yenidənqurma işləri çərçivəsində eleqaz açarı, cərəyan və gərginlik transformatorlarının quraşdırılması işləri davam etdirilir.

Yeri gəlmişkən, sistemtəşkiledici 500 kV-lik “Abşeron” yarımstansiyasında 220 kV-lik acıq paylayıcı quruluşda (APQ) yenidənqurma işləri davam etdirilir.

Onu da qeyd etmək yerinə düşərdi ki, yarımstansiyaların texniki imkanlarının daha da genişləndirilməsi layihəsi çərçivəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar 220 kV-lik “Səngəçal” yarımstansiyasında 5-ci bölmənin, “Hövsan” yarımstansiyasında isə eyni gərginlikli APQ-də yeni bölmənin tikintisi işləri davam etdirilir. Qeyd edək ki, 220 kV-lik yeni “Böyük Şor” və “Zabrat” yarımstansiyalarının tikintisi də davam etdirilir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, enerjisistemin dayanıqlı fəaliyyətində müstəsna xidmətləri olan EVX-lərdə də müxtəlif təyinatlı tədbirlər yerinə yetirilmiş, o cümlədən

110 kV-lik II “Maştağa” HX-nin müəyyən hissəsi kabel xətti ilə əvəz edilmişdir. Hazırda “Səngəçal” ES ilə 220 kV-lik “Müşviq”,  “Şimal” ES ilə “Hövsan” və eyni zamanda  “Zabrat” yarımstansiyaları arasında iki dövrəli HX-lərinin tikitisi də davam etdirilir. Bütün bunlarla yanaşı

220 kV-lik “Ağsu”, “Qəbələ” HX-lərin yenidənqurulması da davam etdirilir. Mənbədən daxil olan məlumata əsasən onu da qeyd edək ki, sözügedən dövrdə 500 kV-lik II “Abşeron”, 330 kV-lik I və VIII “Abşeron”, IV “Şirvan” HX-lərində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassasında və dayaqların ətraflarında da müxtəlif təyintlı təhlükəsizlik tədbirləri görülür.

Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri Bakı və bakıətrafı ərazinin enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.