TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR
"Ucar Elektrik Şəbəkəsi”nin xidməti ərazisinə daxil olan mövcud şəbəkənin yenidən qurulması istiqamətində əməli addımlar atılır. Yeniləşdirmə tədbirləri çərçivəsində müasir tələblərə cavab verən beton dayaqlar basdırılır, naqillər təzələnir, yüksək keyfiyyətli transformatorlar quraşdırılır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində müəssisənin balans mənsubiyyətinə aid oaln 10 kV-lik xətlərin 2,4 km-i təmir olunmuş, beş dayaq düzəldilmiş, naqillərin qabariti bərpa olunmuş və trassası yaşıl kütlədən təmizlənmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işlər həyata keçirilmişdir. O cümlədən, sözügedən xətlərin 2,9 km-i əsaslı və cari təmir olunmuş, 7 dayaq və eyni sayda travers quraşdırılmış, xeyli sayda izolyator dəyişdirilmişdir. Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan TM-lərdən də yan keçməmişdir. Belə ki, sözügedən dövrdə 34 TM-də təmir işləri aparılmış, 33 transformatora isə yağ əlavə edilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidmət ərazisində 7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 7,1 faiz azdır. Ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq cüzi artmışdır. O cümlədən, daimi əhali tərəfindən istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 3,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır.
İstehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələri ilə bağlı keçirilmiş reydlər zamanı əldə etdiyimiz məlumata görə isə, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 53 qayda pozuntusu (bunun 49-u məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 178,5 min kilovatsaata yaxın (bunun 157 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 10,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, ötən il ərzində 640-dan artıq (bunun 552-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 3 milyon 478,1 min kilovatsaata yaxın (bunun 2 milyon 493.1 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 208,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 50 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.