STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin rəhbərliyinə gəlməsindən sonra, bütün sahələrdə olduğu kimi, elektrik enerjisi sistemində də kəskin dönüş yarandı. Bu gün enerjisistemdə müstəsna əhəmiyyətinə görə seçilən, Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatında mühüm rol oynayan “Şimal Elektrik Stansiyası” da Ulu Öndərin şəxsi təşəbbüsü nəticəsində ikinci həyatına qədəm qoydu.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanmış və həyata keçirilmişdir. Nəticədə ötən dövrlərdə olduğu kimi 2015-cü ilin ötən 11 ayında da texniki iqtisadi göstəricilər yüksək olmuşdur. Stansiya dispetçer qrafikinə uyğun normal iş rejimində fəaliyyət göstərir.
Mənbə onu da bildirdi ki, sözügedən stansiyada cari ilin noyabr ayında 51,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. İstehsal 2015-ci ilin 11 ayı ərzində isə 1 milyard 975,6 milyon kilovatsaata yaxın olmuşdur.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə bunu uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirərək onu da bildirdi ki, 400 MVt-lik enerji blokunun təftişi həyata keçirilmişdir. İş prosessində əsas və köməkçi avadanlıqlarda nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir. Eyni zamanda mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilatı tədbirlər qrafik üzrə davam etdirilir.
Xatırladaq ki, "Şimal" ES-in inkişaf proqramı Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən bu gün də müvəffəqiyyətlə davam etdirilir. Artıq, müəssisədə sayca ikinci 409 MVt-lik enerji blokunun tikintisi qrafikə uyğun davam etdirilir.
Sonda onu da qeyd edək ki, icrasına başlanan layihənin müvəffəqiyyətlə başa çatdırılması stansiyanın əhəmiyyətini daha da artıracaq, enerjisistemin dayanıqlığına və ölkənin enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.