ŞƏBƏKƏ MÖVSÜMƏ HAZIRDIR
Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə son illər paylayıcı elektrik şəbəkələrində görülən işlərin həcmi xeyli genişləndirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisinin keyfiyyət göstəriciləri yaxşılaşdırılmış, enerji daşıyıcılarında ifrat yüklənmə və açılma hallarına rast gəlinmir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Zaqatala Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, son üç ay ərzində 10 kV-lik 7,7 kilometrə yaxın xətt təmir edilmişdir. Buraya “Göyəm”, “Tala”, “Car”, “Əliabad” və digər xətlərdə görülmüş işlər aiddir. Eyni zamanda sayğac uçot komplektinə nəzarəti gücləndirmək məqsədilə yenidənqurma işləri aparılmış və 16,1 kilometrə yaxın 0,4 kV-lik xətt də təmir edilmişdir. Qeyd edək ki, təmir qrafikinə uyğun olaraq sözügedən dövrdə 12 transformator məntəqəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 39 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 88 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, ötən il ərzində isə burada 540-dan artıq qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş və 1 milyon 616,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 97 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin də ödənişi təmin edilmişdir.
Sonda onu da qeyd edək ki, cari ilin yanvar ayında müəssisə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerji istehlakı artaraq 7,8 milyon kilovatsaatdan artıq olmuşdur. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 17 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak 5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır.