AVADANLIQLAR DİQQƏT MƏRKƏZİNDƏDİR
Xidməti ərazisində daha dayanıqlı elektrik enerjisi təminatının yaradılması məqsədilə “Mingəçevir Elektrik Şəbəkəsi”nin (EŞ) balans mənsubiyyətinə daxil olan elektrik verilişi xətləri (EVX) və transformator məntəqələrində (TM) son aylar ərzində bir sıra sistem əhəmiyyətli təmir-bərpa işləri yerinə yetirilmişdir. Belə ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 110/35/6 kV-lik “Şəhər” yarımstansiyasından çıxan 6 kV-lik 23 və 8 saylı HX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin mətbuat xidmətinə daxil olan məlumata
görə, həmin bu dövrdə analoji tədbirlər 0,4 kV-lik xətlərdə həyata keçirilmişdir. Belə ki, yenidənqurma və təmir işləri zamanı həmin bu xətlərin 1,5 km-i təmir edilmiş, 600 metrdən artıq SİP və 700 metrə yaxın kabel xətti çəkilmişdir. Yeri gəlmişkən, 6 və 0,4 kV-lik şəbəkələrdə də həyata keçirilən bu işlər bütün transformator məntəqələrinin, paylayıcı şəbəkələrinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.
Mənbədən daxil olan məlumata əsasən burada 20-dən artıq TM-də müxtəlif təyinatlı təmir işləri reallaşdırılmış və iki transformator da əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 15,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 5,9 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 5 faizə yaxın artmışdır.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması məqsədilə də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin yanvar ayında keçirilmiş reydlər zamanı 116 istehlakçının (bunun 112-si məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 3 milyon 126,5 min kilovatsaata yaxın (bunun 3 milyon 85,4 min kilovatsaatı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) yaxın itirilmiş elektrik enerjisinin 187,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin müəyyən qisminin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, ötən il ərzində isə müəssisə üzrə 90-dan artıq (bunun 52-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu aşkar edilərək 2 milyon 141,3 min kilovatsaatdan artıq (bunun 187,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 128,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 83 faizinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.