“CƏNUB” ES İLƏ TANIŞLIQ TƏLƏBƏLƏRDƏ XOŞ TƏƏSSÜRAT YARADIB
1962-ci ildə Azərbaycanın cənub bölgəsində istismara verilmiş “Şirvan” Elektrik Stansiyası istismar müddətini başa vurduğuna görə Prezident İlham Əliyevin Sərəncam ilə Şirvan şəhərində gücü 780 meqavat olan “Cənub” Elektrik Stansiyası inşa edilib. Böyük regional infrastruktur layihəsi olan bu müasir energetika müəssisəsi hazırda ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir.
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, sözügedən stansiyanın fəaliyyətə başlamasından az müddət keçsə də, bu generasiya gücünün müasir tələblərə cavab verən mükəmməl iş prinsipi, burada tətbiq olunun qabaqcıl texnologilar böyük marağa səbəb olub. Dekabr ayının 8-də Milli Aviasiya Akademiyasının bir qrup tələbəsinin tədris-tanışlıq məqsədilə stansiyaya səfər etməsi də məhz bu mütərəqqi yeniliklərlə bağlı idi.
Tələbələr əvvəlcə Ulu Öndər Heydər Əliyevin stansiyanın həyətində ucaldılmış abidəsinin önünə gələrək, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül qoyublar.
Sonra müəssisənin direktor əvəzi Saleh Məmmədli stansiya haqqında ümumi məlumat verərək bildirib ki, stansiyanın təməli 2007-ci il dekabr ayının 24-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2013-cü ildə Prezident İlham Əliyev Şirvana səfəri çərçivəsində “Cənub” Elektrik Stansiyasının açılışında iştirak edib. “Cənub” Elektrik Stansiyası bölgənin ən müasir stansiyasıdır və burada quraşdırılmış bütün avadanlıqlar ən yüksək standartlara cavab verir. Stansiyanın tikintisi zamanı lazım olan əsas avadanlıqlar dünyanın 70-ə yaxın aparıcı şirkətindən alınıb, bununla yanaşı, tikintidə istifadə olunan bir çox zəruri avadanlıq ilk dəfə olaraq respublikamızın zavodlarında istehsal edilib. Əvvəllər biz belə nəhəng elektirik stansiyasını inşa edəndə daha çox xarici şirkətlərə üz tutub, onları bu işlərə cəlb edirdik. Sevindirici haldır ki, “Cənub”un tikintisini yerli mütəxəssislər həyata keçiriblər.
Ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanması stansiyanın fəaliyyətində başlıca meyardır. Burada yaşıllıq, səliqə-sahman işlərinə də xüsusi diqqətlə yanaşılıb, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, minlərlə ağac, gül kolu əkilib.
Tələbələr təhlükəsizlik qaydaları üzrə giriş təlimatı ilə tanış olduqdan sonra tədris-tanışlıq ekskursiyası ilk öncə “Sahil” nasos stansiyasından başlandı. Bildirildi ki, Kür çayının sahilində diametri 2min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda susoyuducu sistem yaradılıb. Sutəmizləyici stansiya ən müasir avadanlıqla təchiz edilib. Stansiyanın Kür çayından götürülən xam su məhsuldarlığı saatda 430 kubmetrdir. Hazırda dörd nasosdan üçü işlək vəziyyətdədir, birində isə cari təmi işləri aparılır. Təmir üçün lazım olan detal və avadanlıqlar Sumqayıt Texnologiyalar Parkından sifariş edilib.
Sonra tələbələr “GİS” tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın fəaliyyəti ilə tanış oldular. Bildirildi ki, stansiyada istehsal olunan elektrik enerjisini şəbəkəyə ötürmək məqsədilə respublikada ilk dəfə olaraq 330 və 220 kilovoltluq tam qapalı yarımstansiyalar quraşdırılıb, müvafiq gərginlikdə kabel xətlərindən istifadə edilib.
Kimya sexinin ərazisində quraşdırılmış ən müasir avadanlıqlarla tanış olan qonaqlar stansiyanın baş korpusuna da baş çəkdilər. Bildirildi ki, burada hər birinin gücü 128 meqavat olan 4 qaz turbini, hər birinin gücü 135 meqavat olan 2 buxar turbini, hər birinin məhsuldarlığı saatda 186 ton olan 4 qazan-utilizator və hər birinin gücü 160 meqavolt amper olan 6 generator və digər zəruri avadanlıq qoyulub. Qeyd olundu ki, digər stansiyalardan fərqli olaraq burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı var. Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir.
Tələbələr daha sonra stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, bu mərkəzdə stansiyanın idarə olunması, müşahidə kameraları ilə qurğunun ərazisinə nəzarət həyata keçirilir. Stansiyanın bütün avadanlığının qoşulub-açılması da buradan idarə olunur.
Milli Aviasiya Akademiyasının Avionika kafedrasının dosenti Rafail Qasımov öz təəssüratlarını bölüşməzdən əvvəl məlumat verdi ki, Akademiyanın Hava nəqliyyatı fakültəsində Elektroenergetika mühəndisliyi ixtisası da yer alıb. “Cənub” Elektrik Stansiyasında tədris-tanışlıq məqsədilə iştirak edən tələbələr Milli Aviasiya Akademiyasında həmin ixtisas üzrə təhsil alan üç qrupun tələbələridir.
Milli Aviasiya Akademiyasında Elektroenergetika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr tədris-tanışlıq məqsədilə indiyədək ölkəmizin bir sıra energetika müəssisələrində olublar. “Cənub” Elektrik Stansiyasına bugünkü səfərimiz də xoş təəssüratlarla yadda qaldı.
Sevindirici haldır ki, Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasıda ciddi nailiyyətlər əldə edilir. Bu baxımdan, müstəqillik illərində ölkəmizdə tikilmiş ən böyük elektrik stansiyası olan “Cənub” Elektrik Stansiyası Azərbaycanın enerji potensialını daha da gücləndirir. Bu stansiyanın iqtisadi cəhətdən də böyük səmərəsi var. Burada sərfiyyat əvvəlki stansiya ilə müqayisədə təxminən iki dəfə azdır və bu da ölkə iqtisadiyyatına böyük dəstək deməkdir.
Stansiya ilə tanışlıqdan sonra Milli Aviasiya Akademiyasının Avionika kafedrasının dosenti Rafail Qasımov demişdir: “Tələbələrimiz bu müasir elektrik stansiyasının iş prinsipi ilə əyani şəkildə tanış oldular, onlara burada tətbiq edilən ən qabaqcıl texnologiyalar barədə ətraflı məlumat verdilər. Bizə yaradılan bu şəraitə görə, “Azərenerji” ASC-nin Prezidenti Etibar Pirverdiyevə dərin minnətdarlığımı bildirirəm”.
Milli Aviasiya Akademiyasının Hava nəqliyyatı fakültəsinin III kurs, 1153 A qrupunun tələbələri – Fərid Hümbətov, Yusif Şiriyev, Mahmud Məmmədov və başqaları stansiya ilə tanışlıqdan aldıqları təəssüratları bizimlə bölüşərkən bildirdilər ki, bu vaxta qədər “Cənub” Elektrik Stansiyası haqqında çox eşidiblər, televizor ekranlarından stansiyanın təməlqoma və açılış mərasimlərini izləyiblər. Bu gün stansiya ilə canlı tanışlıq isə bütün bu məlumatları zəngin biliklərlə, xoş təəssüratlarla genişləndirib.
Qeyd edildi ki, stansiyada tətbiq edilən qabaqcıl texnologiyalar böyük marağa səbəb olub. Burada ekoloji təmizlik prinsiplərinə də ciddi əməl olunması təqdirəlayiq hal kimi qiymətləndirilib.