TEXNİKİ XİDMƏT DİQQƏT MƏRKƏZİNDƏDİR
Ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş 12 aqreqatdan ibarət, ümumi gücü 105 MVt olan “Bakı” elektrik stansiyasında aqreqatlarda planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin yanvar ayında 51,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, ötən il ərzində isə stansiyada 572,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.
“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edir”, – deyən mənbə onu da qeyd etdi ki, təmir işləri stansıyanın təmir briqadası tərəfindən aparılır.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin son üç ayı ərzində stansiyada təmir işləri aparılmış, təmir qrafikinə uyğun olaraq dörd aqreqatda növbəti istismar həddinə uyğun texniki xidmət işləri aparılmışdır. Eyni zamanda generatorlarda da təmir işləri həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, stansiyanın elektrik avadanlıqlarına da texniki baxışlar keçirilmiş və 110 kV-lik yarımstansiya avadanlıqlarında müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Yanğın təhlükəsizliyi məsələsinin, abadlıq işlərinin də daima diqqət mərkəzində saxlanıldığını deyən mənbə əlavə etdi ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğınsöndürmə avadanlıqları təftiş olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.