“QUSAR EŞ”: REYDLƏR DAVAM ETDİRİLİR
İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə “Qusar” elektrik şəbəkəsində mühüm addımlar atılır. Bu da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə və istehlak edilən elektrik enerjisinin ümumi ödənişində göstəricilərin yüksəldilməsinə gətirib çıxarır. Qayda pozuntularının müəyyən edilməsi, onların qarşısının alınması istiqamətində mütəmadi reydlər keçirilir.
Sözügedən EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, burada ötən il ərzində keçirilmiş reydlər zamanı 246 istehlakçının (bunun 200-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 679,9 min kilovatsaata yaxın (bunun 213,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 40,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin müəyyən hissəsinin (17%) ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, ötən ilin dekabr ayında ərzində 16 qayda pozuntusu (bunun 11-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilmiş, 24,7 min kilovatsaatdan artıq (bunun 9,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, ötən ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10-6-0,4 kV-lik paylayıcı şəbəkələrdə bir sıra mühüm təmir və yenidənqurma işləri də həyata keçirilmişdir. Belə ki, əsaslı təmir qrafikinə uyğun olaraq 10 kV-lik 2 və 17 saylı “Şəhər”, “Mucuq”, “Kuzun Qışlaq” və digər bir necə xətdə naqillər, izolyatorlar və dayaqlar dəyişdirilmişdir. Ümumiyyətlə, sözügedən dövrdə 22 dayaq və 6,2 km-ə yaxın naqil əvəz eilmişdir. 0,4 kV-lik xətlərdə isə 15 km naqil və 25 dayaq yenisi ilə əvəzlənmişdir.
Onu da qeyd edək ki, üç KTM-də transformator yükə uyğun yenisi ilə əvəzlənmiş, 14 KTM-də isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə ümumilikdə 4,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 2011-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 17 faizdən çox mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,2 milyon kilovatsaata yaxın, ödənişdə mütləq artım isə 2,2 faiz olmuşdur.
Yeri gəlmişkən, 2012-ci il ərzində isə istehlak 50,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faizə yaxın mütləq artmışdır. Daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 27,5 milyon kilovatsaata yaxın və 8 faiz olmuşdur.