“BİLƏSUVAR EŞ”: ENERJİ DAŞIYICILARININ DAYANIQLIĞI MÖHKƏMLƏNDİRİLMİŞDİR

Image

İstehlakçılarla hesablaşmanın sayğacla aparılması, o cümlədən sayğacların xüsusi qutularda baxış üçün maneəsiz yerdə quraşdırlması nəticəsində istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli aşağı düşmüş, enerji daşıyıcılarında ifrat yüklənmə və açılma hallarına rast gəlinmir. Ümumiyyətlə, enerji daşıyıcılarının dayanıqlığı möhkəmləndirilmişdir.

“Biləsuvar” elektrik şəbəkəsindən (EŞ)  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə,   cari ilin yanvar ayında 6,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 22 faizə yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 5 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 11,1 faiz azdır. Qeyd edək ki, ötən il ərzində ümumi istehlak 79,3 milyon kilovatsaatdan, o cümlədən daimi əhali üzrə bu göstərici 41,4 milyon kilovatsaatdan artıq olmuşdur.

Mənbə onu da bildirdi ki, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 270 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 995,3 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 59,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 70 faizdən çox hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Onu da qeyd edək ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 49 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq hesabat aparılmış və 464,4 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 27,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da bildirdi ki, təmir qrafikinə uyğun olaraq 10-0,4 kV-lik xətlərdə, TM-lərdə təmir işləri davam etdirilir. O cümlədən, son üç ay ərzində yenidənqurma tədbirləri ilə əlaqədar 10 kV-lik xətlər üzrə 11,7 km məsafədə, 0,4 kV-lik xətlər üzrə isə 9,2 km məsafə əsaslı və cari təmir edilmişdir. Eyni zamanda 28 TM-də yenidənqurma işləri həyata keçirilmiş və ümumi gücü 1,3 MVA-ya yaxın olan 6 transformator da əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur.