TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR
Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, ölkə elektrik enerji sisteminin flaqmanı sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nda həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi olaraq texniki iqtisadi göstəricilər qənaətbəxşdir.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, respublikamızın enerji nəhəngi sayılan “Azərbaycan” İES-in kollektivi 2012-ci ili yüksək işgüzarlıq əhval-ruhiyyəsi ilə yola salıblar. Belə ki, il ərzində burada 8 milyard 126,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin yanvar ayında isə stansiyada 828,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbədən onu da bildirdilər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, burada da avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, enerji istehsalı üzrə dispetçer göstərişlərinin yerinə yetirilməsi, qəza və imtinaların sayının minimuma endirilməsi məqsədilə bütün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilib. Hal-hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyətini davam etdirir.