REYDLƏR NƏTİCƏ VERİR

Image

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər ötən ildə əsasən yerinə yetirilmiş və cari ildə də davam etdirilir.

“Samux” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən il ərzində burada keçirilmiş reydlər zamanı 300-ə yaxın istehlakçının qayda pozması faktı aşkar edilərək 2 milyon 675,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 106,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 67 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində müvafiq tədirlər görülür. O cümlədən, 2012-ci ilin dekabr ayında isə 25 qayda pozuntusuna görə 165,3 min kilovatsaata yaxın  itirilmiş elektrik enerjisinin 9,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə ötən il ərzində elektrik enerjisindən qeyri qanuni istifadə etmiş 10 istehlakçının sənədləri müvafiq tədbirlərin görülməsi məqsədilə hüquq mühafizə orqanlarına göndərilmişdir.

Mənbə onu da bildirdi ki, istehlakçıların elektrik enerji təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə  transformator məntəqələrində (TM) və elektrik verilişi xətlərində  (EVX) ənənəvi olaraq təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir. Belə ki, ötən ilin IV rübü ərzində EVX-lərin 3,8 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda üç transformatorda əsaslı təmir olunmuşdur.

Sonda onu da qeyd edək ki, müəssisə üzrə ötən ilin dekabr ayında ümumilikdə 6,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 5 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişə nisbətən mütləq 9,3 faiz artmışdır.

Onu da qeyd edək ki, ötən il ərzində burada ümumilikdə 103 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, 2011-ci illə müqayisədə ümumi ödənişdə mütləq artım 6 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 24 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 5,2 faiz çoxdur.